"Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri əlbəttə ki, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın bir tərkib hissəsidir. Çünki Azərbaycanın Qırğızıstan, Özbəkistan və Qazaxıstanla əlaqələri yüksək səviyyədədir. Məhz Tacikistan da Mərkəzi Asiya ölkəsi olduğu üçün onunla araya məsafə qoyula bilməzdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Tacikistan yeraltı və yerüstü sərvətlərlə zəngindir: “Burada Azərbaycan investisiyalar yatıra və böyük gəlirlər götürə bilər. Həmçinin, Tacikistan MDB məkanında, KTMT-də Azərbaycana dəstək olur. Bu gün Tacikistan və Azərbaycan arasında əlaqələr normaldır. Tərəflər münasibətlərin daha da inkişafı üçün müqavilələr imzalayır. Hesab edirəm ki, ölkə başçısı İlham Əliyev hər ölkəyə səfər etmir. Əgər tacikistana səfəri baş tutubsa, deməli bu səfər Azərbaycanın geosiyasi və geostrateji maraqları üçün çox önəm daşıyır. Bildiyiniz kimi, Orta dəhliz formalaşır”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Tacikistan Mərkəzi Asiyanın iqtisadi cəhətdən zəif ölkəsi olsa da, yerləşdiyi coğrafi mövqe və faydalı qazıntılar baxımından zəngindir: “Ona görə də Azərbaycan Tacikistanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Uzun müddət hər iki ölkə ittifaq tərkibində olublar və onların həm beynəlxalq müstəvidə, həm də digər regional təşkilatlar səviyyəsində bir-birlərinə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, Tacikistanla Qırğızıstan arasında baş verən hərbi toqquşmada da Azərbaycan vasitəçi ola bilər. Çünki cənab Prezident İlham Əliyev bu istiqamətdə də böyük siyasi təcrübəyə malikdir. Ona görə də dövlət başçımız bu iki müsəlman ölkəsi arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə