"Azərbaycan Ermənistanın bütün ssenarilərinə hazırdır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan hərbi siyasi rəhbərliyi Avropa İttifaqından növbəti missiya göndərilməsi ilə bağlı xahiş edib. Yaxşı olar ki, Ermənistan Aİ-dən hər hansı xahiş etmək əvəzinə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atsın. Çünki Ermənistan rəhbərliyi təxminən iki ildən çox bir müddətdə üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, halbuki Ermənistan biyabırçı vəziyyətdə kapitulyasiya aktına qol çəkmiş ölkədir: “Azərbaycan həmin dövrdə də Ermənistana çox böyük güzəşt etdi və onu məhv olmaq astanasından xilas etdi. Daha sonra isə Rusiya da daxil olmaqla Ermənistanla üçtərəfli bəyanata imza atıldı. Bu, Azərbaycan tərəfindən Ermənistana verilmiş son şans idi. Çox təəssüf ki, Ermənistan öz riyakar və murdar xislətini davam etdirir və vəzifələrini icra etmir. Burada başlıca olaraq söhbət Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiya məsələlərindən gedir. Bundan əlavə, sülh müqaviləsinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünü tanıması, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılmasını Ermənistan təmin etməlidir. Amma Ermənistan bütün dünyanın gözü qarşısında imzaladığı sənıdi ayaqlar altına atır”.

Siyasi şərhçi sözlərinə davam edərək bildirib ki, Avropa İttifaqının göndərdiyi missiyanın sayının artırılması istəyi də Ermənistanın növbəti təxribatıdır: “Ermənistan Aİ-dən gələn missiyaya güvənərək dəfələrlə Azərbaycan sərhədlərində atəşkəsi pozub, hərbi təxribatlar cəhdi ediblər. Əminliklə söyləyə bilərik ki, Ermənistan bu dəfə də oyunlar oynamağa çalışır. Onların əsas məqsədi bölgədə yeni münaqişə və müharibə ocağı yaratmaq, sülh müqaviləsinin imzalanması prosesinə mane olmaqdır. Azərbaycan isə bütün ssenarilərə hazırdır. İstənilən halda Ermənistanın həm siyasi, həm də hərbi təxribatlarının qarşısı qətiyyətlə alınıb və bundan sonra da alınacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə