"Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti dəfələrlə vurğulamışdır ki, erməni silahlı qüvvələrin içində fərarilik kütləvi bir hal alıb. Bunu bəzi erməni siyasətçiləri də açıq-aşkar etiraf edirdilər. Müharibə vaxtı erməni fərarilərinin sayı təxminən 10 mini ötmüşdü”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Anna Akopyanın bu məsələləri öz dili ilə səsləndirməsi bir daha əminlik yaradır ki, olanları danmaq mümkün deyil: “Eyni zamanda, Anna Akopyan bununla deməyə çalışır ki, biz müharibədə bu cür addım atdıq. Əgər doğurdan da o torpaqlar ermənilərin olsaydı, fərarilik halları baş alıb getməzdi. O torpaqların onlara aid olmamasını artıq öz dilləri ilə təsdiq edirlər. Həmçinin, erməni ordusunun Azərbaycan qüvvələri qarşısında aciz qaldığını etiraf edirlər. İctimaiyyətin onların çağırışlarına susqunluğu bir reallıqdır. İctimaiyyət bu reallığa nə deyə bilər?! Onların susqunluğu bu fərarilik hallarının təsdiqlənməsi deməkdir. Ermənilər artıq özləri də başqa çıxış yollarının olmadığını etiraf edirlər. Özləri də yaxşı bilirlər ki, Azərbaycanla sülh danışıqlarına getmək onlar üçün qaçınılmazdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə