"Azərbaycan öz milli maraqlarından bir addım geri çəkilməyəcək" - SƏDR DANIŞDI

“Ermənistanın Azərbaycana qarşı təxribat törətməkdə bir neçə məqsədi var. Əsas məqsədi öhdəliyinə götürdüyü sülh müqaviləsini imzalamamaqdır. Bildiyiniz kimi, 2020-ci il 10 noyabrda imzalanan bəyanat nəticəsində Ermənistan üzərinə bir neçə öhdəlik götürüb”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları bölgəyə daxil olduqda separatçılar ərazini tərk etməli, Zəngəzur dəhlizi açılmalı, sülh müqaviləsi imzalanmalı və Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiqləşdirilməli idi: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. Ermənistan isə bu işçi qrupunun fəaliyyətində çox böyük problemlər yaradır. Bu problemlərlə yanaşı cəbhədə dəfələrlə təxribatlar törədir”.

Sədr sözlərinə davam edərək bildirib ki, hətta Ermənistan özü törətməsinə baxmayaraq həyasızcasına bu təxribatları Azərbaycanın üzərinə atır: “Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsi cəmi bir dəfə pozacaq, o da 2020-ci ildə əks-hücuma keçib torpaqlarını azad etdiyi kimi yenə bölgədə antiterror əməliyyatı keçirdiyi zaman. Ermənilər müxtəlif yollardan istifadə edərək Qarabağa silah daşımaq istəyirlər. Azərbaycan dövləti də bunun qarşısını alır. Yaxın zamanda müəyyən yüksəklikləri, sərhədboyu geniş əraziləri də azad etdik. Düşmən layiqli şəkildə cəzalandırılmalıdır.

Hazırda Ermənistanı İran və Fransa dəstəkləyir. Təəssüf ki, İran var gücü ilə Ermənistana dəstək verir və Azərbaycana qarşı təxribatlar həyata keçirir. Onlar bilməlidir ki, Azərbaycan dövləti öz milli maraqlarından bir addım da geri çəkilməyəcək. Buna nə Fransa, nə İran, nə də dünyanın digər dövlətləri mane ola bilməz”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə