"Ermənistanın addımları açıq-aşkar təxribatdır" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın hərbi siyasi rəhbərliyinin Laçın yolundan kənarda ona alternativ Xankəndinə aparan yeni torpaq yollarını salması və bu yollardan Xankəndinə qanunsuz hərbi yüklərin daşınmasını təşkil etməsi indiyə qədər əldə olunmuş razılaşmaların ruhuna tamamilə ziddir. /Bu bölgədə sülh və təhlükəsizliyin yaradılması istiqamətində Azərbaycan dövlətinin göstərdiyi fasiləsiz fəaliyyətlərin məhv edilməsinə yönəlib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları açıq-aşkar təxribatdır: “Çox təəssüf ki, bu təxribatlar Rusiya sülhməramlılarının gözləri qarşısında və onların fəal iştirakı ilə baş verir. Artıq Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlarda və nümayiş etdirdiyi peşəkar çəkilişlər də sübut edir ki, Ermənistan tərəfindən Xankəndinə qanunsuz hərbi yüklərin daşınması, eləcə də silahlı şəxslərin rotasiyasının həyata keçirilməsi prosesinin məhz sülhməramlıların avtomobilləri tərəfindən müşaiyət olunması bir həqiqətdir. Bu, əldə olunmuş razılaşmaların yerinə yetirilməsində Ermənistanın pozuculuq əməllərinə sülhməramlıların verdiyi dəstəkdir. Buna görə də Azərbaycan hakimiyyəti bu halların qarşısını almaq üçün qanunauyğun addımlar atır”.

Aydın Quliyev sözlərinə davam edərək bildirib ki, dünyada və bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olan qüvvələr Azərbaycanın bu yöndə atdığı addımlara tam şəkildə dəstək verməli və buna bəraət qazandırmalıdırlar: “Əslində, belə də olacaq. Əgər Ermənistan hakimiyyəti Qarabağdakı separatçı qüvvələrlə birlikdə Rusiya süıhməramlılarının müşayiəti altında bölgədə hərbi eskalasiyanı həyata keçirən bu addımları atırsa, Azərbaycanın da ona qarşı gərəkli tədbirlər görməsi çox normaldır. Bu o deməkdir ki, Azərbaycanın müharibə meydanlarında tək buraxıldığı kimi bu gün də postmüharibə reallıqlarının həyata keçirilməsi, eləcə də əldə olunmuş razılaşmaların icrasının yerinə yetirilməsi uğrunda fəaliyyətlər də yenə də təkdir. Necə ki 44 günlük müharibədə Azərbaycan döyüş meydanın tək buraxılsa belə qalib gəldi, eləcə də razılaşmaların həyata keçirilməsinə nəzarətdə bizim mövqeyimiz qalib gələcək. Çünki Azərbaycan haqlı tərəfdir. Azərbaycanın atdığı addımlar həm beynəlxalq hüquq normalarına, həm üçtərəfli razılaşmalara, həm də dövlətin suveren hüquqlarına tam uyğundur”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə