"Münaqişələrin heç bir müsbət nəticəsi olmayacaq" - SƏDR MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanın təxribatçı əməllərinə son qoymamasının bir neçə səbəbi var. Dünya güc mərkəzlərinin Cənubi Qafqazda nüfuz və burada daha çox təsir imkanlarını ələ keçirmək uğrunda apardığı mübarizə bu səbəblərin başında gəlir. Təbii ki, həmin dövlətlərə regiondakı sülh və əmin-amanlıq sərf etmir. Əgər regionda sakitlik olsa, onların nüfuz mübarizəsi üçün alətlər olmayacaq. Bununla bağlı regionda gərgin mübarizə gedir və onlar bu mübarizəni həyata keçirmək üçün Ermənistanın daxilində olan müəyyən qüvvələrdən istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, digər tərəfdən Ermənistanın daxilində revanşist və təxribatçı qüvvələr heç bir vəchlə məğlubiyyəti qəbul etmək istəmir və bu cür əməllərlə sanki özlərinə siyasi dividentlər toplamaq niyyətindədirlər: “Həmin qüvvələr Azərbaycanın daxilinə, yəni Qarabağa sirayət edir.

Ermənilərin təxribatçı əməllərini davam etdirməsinin üçüncü bir səbəbi isə maliyyə məsələsidir. Belə ki, dünyanın bir çox ölkələri bu qarşıdurmadan istifadə edərək külli miqdarda maliyyə dövriyyəsi həyata keçirir və pul qazanmaq imkanı əldə edirlər. Humanitar yardım, silah-sursat almaq və s. kimi səbəblərlə pərdələnərək maliyyə fırıldaqçılığına əl atır və külli miqdarda pul qazana bilirlər”.

Sədr sözlərinə davam edərək bildirib ki, əgər regionda sülh olsa, bütün bu bəhanələr, nüfuz mübarizəsi, maliyyə fırıldaqçılığı, hakimiyyət uğrunda çarpışmalara ehtiyac qalmayacaq: “Zəngəzur dəhlizinin açılması, Türkiyənin bu ərazidə nüfuzunun artması kimi faktorlar bəzi dövlətlərin marağına uyğun gəlmir. Ona görə də müxtəlif yollarla çalışırlar ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasın, münaqişə uzun müddət davam etsin. Fransa, Rusiya, İran və ABŞ-ın bəzi qüvvələri də bundan faydalana bilsinlər. Artıq hiss olunur ki, həm Qarabağ, həm də Ermənistanda yaşayan ermənilər arasında bunun əleyhinə gedən qüvvələr var. Düşünürəm ki, onlar da artıq bu münaqişələrin uzadılmasının ilk növbədə erməni xalqına zərər vurduğunu dərk edirlər. Onlar bilir ki, bu münaqişələrin heç bir müsbət nəticəsi olmayacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə