"İran Azərbaycana qarşı özünün riyakar davranışlarını davam etdirir" - POLİTOLOQ ŞƏRH ETDİ

“Yanvar ayının sonlarında Tehranda Azərbaycan səfirliyinə qarşı planlaşdırılmış və xaincəsinə həyata keçirilmiş terror hadisəsində artıq bir aydan çox vaxt keçməkdədir. Təəssüf ki, bu günə qədər İran rəsmi qurumları cinayətin açılması və günahkarların cəzalandırılması istiqamətində heç bir addım atmayıb. Bununla da baş verən terror hadisəsinin arxasında molla rejiminin dayandığı bir daha təsdiq olundu. Hesab edirəm ki, Azərbaycan səfirliyinə qarşı silahlı terror hücumu terrorçu təşkilatlar tərəfindən planlaşdırılaraq törədildiyi üçün bu cinayətin açılması ilə bağlı heç bir araşdırma aparılmır. Əks halda cinayətkar molla rejimi özünün mahiyyətini aça, terrorçu xarakterini üzə çıxara biləcək açıqlamalar verməlidir. Bu da inandırıcı görünmür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin haqlı və təkidli tələblərinə İran rəsmiləri tərəfindən hələ ki ciddi bir mövqe ortaya qoyulmayıb: “Azərbaycan qısa müddət ərzində bu terror hadisəsinin arxasında dayanan şəxslərin və təşkilatların müəyyən edilərək cəzalandırılmasını tələb edir. Bu təbii ki, Azərbaycanın haqqıdır. Azərbaycanın Tehranda yerləşən səfirliyi onun ərazisi hesab olunur. Həmin ərazinin və oradakı insanların qorunması, təhlükəsizliyinin təmin olunması səfirliyin yerləşdiyi dövlətin məsuliyyətindədir. Baş verən hadisə İrandan Azərbaycan ərazisinə hücum kimi qiymətləndirilməlidir. Təəssüf ki, İran Azərbaycan ərazisinə silahlı hücuma məişət zəminində baş vermiş hadisə donu geyindirməyə çalışır”.

Politoloq sözlərinə davam edərək bildirib ki, hətta cinayətkarın psixi problemləri olması ilə bağlı məlumatlar da yaydı: “Amma təbii ki, bunların heç biri İranı məsuliyyətdən kənarda saxlaya bilməz. Əgər İran İslam Respublikası bəyan etdikləri kimi mehriban qonşuluq siyasəti yeritməyi düşünürsə, qısa müddət ərzində bu terroru törətmiş cinayətkarı cəzalandırmalıdır. Əks halda Azərbaycan dövləti beynəlxalq hüququn Azərbaycana verdiyi imkanlardan istifadə edərək beynəlxalq platformalarda da İranın cəzalandırılması yönündə hüquqi prosedurların başladılması ilə bağlı addımlar atacaqdır. Bu indiki situasiyada İran üçün heç də müsbət perspektivlər vəd etmir. Digər tərəfdən, çox təəssüf ki, İran Azərbaycana qarşı özünün ədalətsiz və riyakar davranışlarını davam etdirir. Bir neçə gün bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü dahi Azərbaycan şairi Nizami Gəncəvini fars şairi, onun doğulub boya-başa çatdığı Gəncəni isə fars şəhəri adlandırmaqla növbəti cinayətkar ərazi iddiası mövqeyini ortaya qoymuş oldu. Bununla əslində İrandakı Xamneyi və onun komandasının cinayətkar mahiyyətini açdı.

Azərbaycan qonşu dövlətlərlə beynəlxalq hüquq prinsiplərini əsas götürərək ən yüksək səviyyədə qonşuluq münasibəti yürütdüyünü bəyan edib. Qonşu dövlətlərdən də eyni davranışı gözləməkdəyik. Əks mövqe ortaya qoyanlara qarşı isə sərt və barışmaz mövqeyimizi ifadə etmək gücündəyik və bu istiqamətdə də addımlar atılacaqdır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə