"Ekoaksiya 80 gün ərzində ciddi siyasi nəticələr əldə edib" - POLİTOLOQ ŞƏRH ETDİ

“Fikrimcə, Laçın yolunda keçirilən ekofəalların aksiyası 80 gün ərzində siyasi baxımdan ciddi nəticələr əldə edib. Bütün beynəlxalq təşkilatlar, o cümlədən bölgədəki əsas oyunçu olan Rusiya və Qarabağdakı ermənilər anladılar ki, bu ərazilər Azərbaycanındır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Qarabağdakı ermənilər də artıq başa düşür ki, Bakının idarəçiliyi altında yaşamağın alternativi yoxdur: “Bu gün separatçılar nə qədər o erməniləri bu istəklərindən yayındırmağa çalışsalar da, ekofəalların aksiyası göstərdi ki, bölgədə şərtlər dəyişib. Aksiya əslində, Qarabağdakı siyasi vəziyyətin dəyişməsi deməkdir. Doğrudur, yenə də Ermənistan və Rusiya tərəfindən müəyyən dirənişlər var. Amma nəticə olaraq 80 gün ərzində ortaya çıxdı ki, Azərbaycan öz suveren torpaqlarında istədiyi addımı ata bilir. Hətta beynəlxalq ictimaiyyət tərəfindən bu məsələ nə qədər gündəmə gətirilsə, nə qədər bəyanatlar verilsə də, aksiyaya heç bir reaksiya təsir etmədi. Bu onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət də real olaraq Azərbaycanın haqlı mövqeyini qəbul edir”.

Politoloq sözlərinə davam edərək bildirib ki, Ruben Vardanyanın vəzifəsindən uzaqlaşdırılması da aksiyanın nəticələrindən biridir: “Aksiya başladıqdan sonra Vardanyanın fəaliyyət imkanları tükəndi və məcbur oldular ki, onu vəzifəsindən uzaqlaşdırsınlar. Eyni zamanda, aksiya nəticəsində rəsmi Bakı ilə Qarabağdakı erməni əhalisi arasında görüş keçirilib.

Təbii ki, aksiyanın əsas tələblərindən biri monitorinqin aparılmasıdır. Düşünürəm ki, yaxın günlərdə mədənlərdə monitorinqlər baş tutacaq. Çünki buna məcburdurlar. Həmçinin, Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin quraşdırılması da əsas tələblərimizdəndir. Amma hələ ki xüsusilə Rusiyanın mövqeyi göstərir ki, bu məsələ bir qədər çətindir. Ən azından texniki vasitələrlə Laçın yolunda nəzarət prosesi həyata keçirilə bilər. Dünən Lavrovun Bakıda verdiyi açıqlamalar da bu yöndə idi. Yəni, 80 günlük aksiyanın həm siyasi, həm də praktiki nəticələri var. Yaxın günlərdə aksiyanın daha çox nəticələr əldə etdiyinin şahidi olacağıq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə