"Ekoaksiya Azərbaycanın səsini dünyaya çatdırır" - DEPUTAT ŞƏRH ETDİ

“44 günlük Vətən müharibəsində biz düşməni darmadağın etdik. Amma Ermənistanı müdafiə edən və Azərbaycana düşmən olan qüvvələri məğlub deyil, peşman etdik. Bu gün Ermənistanı müdafiə edərək bizə qarşı birləşən qüvvələr Azərbaycanın haqq səsini heç vaxt duymayıb, haqqı qiymətləndirməyiblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Qarabağ problemində isə həmin dövlətlər birmənalı olaraq Ermənistanın yanında olublar: “Əslində, ekofəallarımızın 79 gündür davam edən aksiyası öz bəhrəsini verib. Bütün dünya artıq Azərbaycanın gücünü görüb, səsini eşidib. O düşüncədə olmamalıyıq ki, bu aksiyanın heç bir nəticəsi yoxdur. Sonuncu Münxen konfransında da bu məsələyə toxunuldu və Azərbaycan bir daha dünyaya izah etdi ki, biz Qarabağın sahibiyik”.

Deputat sözlərinə davam edərək bildirib ki, bizim torpağımıza girən və çıxan hər kəsi biz görməli, qərarları biz verməliyik: “Əgər bizim torpağımıza yağı düşmənlər daxil olur, minalayır və yeraltı sərvətlərimizi talan edirsə, biz qətiyyən tamaşaçı mövqeyində dayana bilmərik. Hesab edirəm ki, bütün dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsindən sonra bu bölgədədir. Bu ərazidə kəskin mübarizə gedir. Ancaq haqq Azərbaycanın tərəfindədir. Qarabağ uğrunda qan tökən Azərbaycan sona qədər gedəcək. 2023-cü il Xankəndi ili, Xocalı ilidir. Müvəqqəti olaraq düşmənin təsiri altında qalmış ərazilər əminəm ki, 2023-cü ildə öz tarixi sahibində olacaq. Ona görə də ekofəalların bu mübarizəsini qiymətləndirirəm və onlara fəaliyyətində uğurlar arzulayıram”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə