"Bölgənin tək sahibi Azərbaycandır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Dekabr ayının 12-dən başlayan ekoaktivistlərimizin aksiyası bugünkü gündə də davam etməkdədir. Hesab edirəm ki, Azərbaycanın haqlı mübarizəsinin və tələblərinin hamısı yerinə yetirilənə qədər bu aksiya davam edəcək. Amma qeyd etmək lazımdır ki, ekoaktivistlərin ortaya qoyduğu iradə bir çox istiqamətlərdə Azərbaycanın tələblərinin yerinə yetirilməsinə və manevr imkanlarımızın genişlənməsinə şərait yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu aksiyanın ən mühüm nəticələrindən biri ilk günlərdən Qarabağdakı erməni azlığının özlərinin gələcəyi ilə bağlı ikinci hər hansı bir qüvvəyə arxayın olaraq planlar qurmağın mümkün olmadığını başa düşmələri oldu: “Bu onlar üçün də aydındır ki, bölgənin tək sahibi Azərbaycandır. Azərbaycanın iradəsinə qarşı gələ biləcək və onu dəyişdirəcək heç bir qüvvə mövcud deyil. İkinci mühüm nəticə aksiya başlayarkən irəli sürülən təkliflərdən olan Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı ilə bağlı idi. Bu tələbimizin təmin olunmasına nail olduq. Eyni zamanda, ən mühüm tələblərimizdən biri Laçın yolunun 10 noyabr bəyanatında da əks olunduğu kimi yalnız humanitar məqsədlərlə istifadə olunması idi. Bildiyiniz kimi, 12 dekabr tarixində ekofəalların aksiyası başlayana qədər ərazidən silahlı şəxslərin, terrorçuların, eyni zamanda silahlarla və Azərbaycanın təbii sərvətləri ilə yüklənmiş nəqliyyat vasitələrinin Qarabağdan Ermənistan istiqamətində hərəkəti təmin edilirdi. Çox təəssüf ki, Rusiya sülhməramlıları bu prosesə ya bilərəkdən, ya da vəzifələrinə aid olmadığını düşünərək nəzarət etmək istəmirdilər”.

Politoloq sözlərinə davam edərək bildirib ki, məhz Azərbaycan gənclərinin ortaya qoyduğu iradə ilə bu yol təyinatına uyğun humanitar məqsədlərlə istifadə olunmağa başlanıb: “Amma Ermənistan tərəfi bunu dünya səviyyəsində bir şouya çevirərək Azərbaycanı bölgəni blokadada saxlaması ilə bağlı kampaniya keçirdi. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi yenə də qərəzli olaraq irqi ayrı-seçkiliyin bütün növlərinin qadağan olunmasına dair qərar qəbul edib. Bu qərarda Azərbaycanın bütün imkanlardan istifadə etməklə Laçın yolundan hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin daşınmasına köməklik etməsinə şərait yaradıb. Bu qətnamə Azərbaycanın mövqeyinə zidd olmamaqla yanaşı, həm də bir sıra qeyri-müəyyən ifadələrlə yadda qalır. Çünki qətnamədə hansı şəxslərin, hansı nəqliyyat vasitələrinin və yüklərin daşınması aydınlaşmayıb. Azərbaycan humanitar məqsədlərlə yüklərin daşınmasına, eyni zamanda dinc sakinlərin bu ərazidən ikitərəfli istiqamətdə hərəkətinə heç bir maneəçilik olmadığını dəfələrlə bəyan edib.

Digər tərəfdən, ekoaktivistlərin aksiyasının ən mühüm nəticələrindən biri də Azərbaycanın müvafiq qurumlarının bölgədə təbii sərvətlər yataqlarında monitorinq keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmanı öz əlaltıları vasitəsilə pozan Vardanyanın istefa verib tərk etməsi ilə bağlıdır. Onun istefası ən böyük nəticələrimizdən biridir.Artıq erməni havadarları da dərk etməyə başladılar ki, Azərbaycanın ortaya qoyduğu qətiyyətli iradəyə qarşı çıxa biləcək qüvvə yoxdur. Tələblərimiz tam yerinə yetirilənə qədər, xüsusilə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında irəli sürdüyü Zəngəzur dəhlizində maneəsiz keçid təmin edilməyəcəksə, hər iki istiqamətdə nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına və alternativ olaraq Laçın rayonunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin qoyulması təklifi yerinə yetirilənə qədər aksiya davam etməlidir. Bu qərarın qəbul olunması qaçınılmazdır. Düşünürəm ki, biz bu istiqamətlərdə də yaxın vaxtlarda ciddi nətixələr əldə edəcəyik”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə