" Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirmir" - SƏDR ŞƏRH ETDİ
"Ötən ilin sonunda Laçın-Xankəndi yolunun üzərində aksiya başlayarkən elan olundu ki, bu aksiya müddətsizdir. Aksiyanın tələbləri yerinə yetirilənədək davam edəcəkdir. Artıq iki aydan artıq müddətdir ki, aksiya fasiləsiz olaraq davam edir". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.
Onun sözlərinə görə, aksiya başlayarkən əsas tələbi bu idi ki, Azərbaycanın təbii sərvətlərinin Qarabağda qeyri-qanuni fəaliyyət göstərən separatçı qüvvələr tərəfindən talanmasının qarşısı alınmalıdır: "Eyni zamanda, bölgədə missiya həyata keçirən Rusiya sülhməramlı kontingentin rəhbərliyi aksiyaçılarla görüşməli və təbii sərvətlərimizin istismarına qarşı praktiki addımlar atmalı idi. Bildiyiniz kimi, 2020-ci il 10 noyabr razılaşmasında qeyd olunmuşdu ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çəkilməlidir. Həmin razılaşma da hələ də yerinə yetirilməmiş qalır. Bu baxımdan aksiyanın tələblərindən biri də Ermənistanın bu yoldan yalnız humanitar məqsədlərlə istifadə etməsidir. Halbuki müharibədən sonra təkcə 2021-ci ildə Ermənistan istehsalı olan minalar Azərbaycan ərazisinə gətirilib və təminat yolları üzərində yerləşdirilib. Bu onu göstərir ki, Ermənistan yalnız humanitar məqsədlər üçün açılmış dəhlizdən məkrli niyyətlər üçün istifadə edir".
Sədr sözlərinə davam edərək bildirib ki, bu gün aksiyanın tələbi yalnız təbii sərvətlərin talanması ilə bağlı deyil, eyni zamanda Ermənistan tərəfindən bölgədə hərbi gərginliyi artıracaq addımların dayandırılmasıdır: "Azərbaycan və Ermənistan sərhəddində dövlətimizin həm sərhəd, həm də gömrük xidməti təşkil olunmalıdır. Qarabağa gələn bütün nəqliyyat vasitələrinin yoxlanışı, sənədləşdirilməsi həyata keçirilməlidir. Azərbaycana dəhlizin açılması ilə bağlı göstərilən hansısa bəyanatlarda bildirilir ki, bu dəhlizin açılması 10 noyabr razılaşmasının maddələrindən biri kimi nəzərdə tutulub. Amma nəzərə almırlar ki, həmin razılaşmada yalnız Laçın dəhlizi maddəsi yoxdur. Eyni zamanda, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz hərəkətin təşkil olunması ilə bağlı yolların açılması var. Üzərindən iki ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan yolların açılması ilə bağlı heç bir iş görməyib. Halbuki Azərbaycan öz tərəfində həm avtomobil, həm dəmiryolunu demək olar ki, Ermənistan sərhədinə qədər yüksək səviyyədə çəkib. Amma Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB