"Azərbaycana dost olan ölkələrdən biri də Litvadır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan və Litva arasında hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdən etibarən ciddi əlaqələr qurulub. Ümumiyyətlə, Pribaltika dövlətləri ilə Azərbaycan arasında irəli səviyyədə siyasi və iqtisadi əlaqələr olub. Azərbaycanlı tələbələrin Litva universitetlərində təhsil alması məsələsi də daim diqqətdə saxlanılıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və keçmiş sovet respublikaları müstəqillik əldə etdikdən sonra dövlətimizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri də məhz Pribaltika respublikaları, o cümlədən Litva olub: "Bu mənada hesab edirəm ki, Azərbaycan və Litva arasında diplomatik əlaqələrimizin müddəti müstəqillik tariximiz qədərdir. Litva ilə həm də beynəlxalq platformalarda əməkdaşlıq təcrübəmiz mövcuddur. Xüsusilə də müstəqilliyimizin ilk illərində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçiriləndə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında bir çox dost dövlətlərimizlə yanaşı həm də Litva öz dəstəyini nümayiş etdirib. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasında Qarabağ məsələsi ilə bağlı dəfələrlə müzakirələr aparılanda litvalı parlamentarilər də Azərbaycan mövqeyindən çıxışlar edirdilər".

Politoloq sözlərinə davam edərək bildirib ki, bunlarla yanaşı, Azərbaycan və Litva arasında çox ciddi iqtisadi əlaqələr də mövcuddur: "Bu gün müstəqil iki dövlət olaraq bərabərhüquqlu və tərəflərin maraqlarına xidmət edən münasibətə sahibik. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bunu dəfələrlə qeyd edib. Bizim müstəqillik əldə etmiş keçmiş sovet respublikaları ilə əlaqələrimiz çox əhəmiyyətlidir. Çünki bizim uzun illərə dayanan birgə yaşayışımız mövcud olub. Bu, xalqlar arasında əlaqələrə də təsir göstərib. İndiki dövrdə Azərbaycanla Litva arasındakı münasibətlərin səviyyəsi də qənaətbəxşdir. Ticarət səviyyəsinin artırılması ilə bağlı da çox böyük işlər həyata keçirilir. Bizim Pribaltika respublikaları ilə ticarət dövriyyəmiz hər il artır. Litva ilə əlaqələrimiz həm də Avropa universitetlərində Azərbaycanın maraqlarının təmin olunmasına xidmət edir. Bundan irəli gələrək "Azərbaycanın dostları" klubunun üzvlərini artırmaqda maraqlıyıq. Düşünürəm ki, o klubun fəal üzvlərindən biri də məhz Litvadır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə