Erməni təxribatlarının yeganə səbəbi BƏLLİ OLDU - SİYASİ-EKSPERT DANIŞDI

“Təəssüf ki, Ermənistanın sərhədlərdə təxribatları hələ də davam edir. Ən pisi isə odur ki, Ermənistan törətdiyi təxribatları sanki Azərbaycan ordusu törədirmiş kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışır. Özü pozuculuq fəaliyyəti içində ikən bizi ittiham etmək istəyir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bundan əlavə, ən böyük təhlükə odur ki, Ermənistan bugünkü siyasətlə nəinki sülh sazişini imzalamaq perspektivlərini daha da uzadır, hətta bizim bölgəmizdə mövcud olan və yavaş-yavaş bərqərar olunmaqda olan təhlükəsizlik sisteminin əsaslarını da dağıdır: “Çünki bu bölgədə təhlükəsizlik sistemi əsasən Rusiyanın və onunla əməkdaşlıq içində olan ölkələrin iradəsi ilə yaranıb. Amma Ermənistan bu gün Rusiyanın nəzarəti altında olan təhlükəsizlik sistemlərini dağıdır və bölgəyə başqa dövlətlərin ssenariləri əsasında cızılmış sistemlər gətirmək istəyir. Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan açıq bəyanat verir ki, Ermənistanda mövcud olan təhlükəsizlik sistemləri işləmir. Buna görə də onlar beynəlxalq təhlükəsizlik sistemlərini bölgədə bərqərar etmək istəyirlər. Məhz bu məntiqlə də Qərb ölkələrini, xüsusilə də Fransanı bölgəyə gətirmək istəyirlər”.

Ekspert sözlərinə davam edərək bildirib ki, onlar bu siyasətin Rusiyanın narazılığına səbəb olacağını bilərəkdən bu addımı atırlar: “Əlbəttə ki, Ermənistanın hələ də sərhədlərdə törətdiyi təxribatların yeganə səbəbi sülh istəməmələridir. Çünki bu bölgədə münaqişənin davam etməsində maraqlıdır. Əgər sülh sazişinin imzalanmasında maraqlı olsaydılar, artıq ildən çoxdur ki, sərhədlərin dəqiqləşdirilməsi və sülh sazişinin imzalanması üzrə fasilə verilmiş danışıqları bərpa edərdilər. Dekabrın əvvəllərinə təyin olunmuş danışığı Ermənistan tərəfi pozdu və hələ də Laçın yolu ətrafında gərginlik yaratmağa davam edir. Sərhədlərdə törədilən təxribatların da pərdəarxası mahiyyəti məhz müharibədən sonra yaranmış reallıqları qəbul etmək istəməməyində və sülhə yanaşmamağındadır. Aydın məsələdir ki, Ermənistanın bugünkü gündə apardığı siyasət yalnız Azərbaycanın əleyhinə deyil, həm ümumən bölgədə sülh və təhlükəsizliyə, həm də birbaşa Rusiyanın siyasətinə qarşı çevrilib. İş o yerə çatıb ki, Rusiya məmurları Ermənistanın təhlükəli oyun oynadıqlarını açıq mətnlə dilə gətirirlər. Deməli, bundan sonra Ermənistanın bizim sərhədlərimizdə pozuculuq fəaliyyətinin qarşısının alınmasında təkcə Azərbaycan yox, eyni zamanda Rusiya da öz cəhdlərini sürətləndirməlidir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə