"İki dövlət gələcək fəaliyyətlərində ciddi uğurlar əldə edəcəklər" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən gün Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirin etimadnaməsini qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə, xüsusilə də Konqo Respublikası ilə Azərbaycan arasında ticari və iqtisadi əlaqələrin genişləndirilməsi kimi çox vacib istiqamətlərə toxunub. Düşünürəm ki, Qərbi Afrika dövləti olaraq Konqo Respublikasının bir sıra beynəlxalq təşkilatlarda proseslərə təsir etmək imkanı kifayət qədər yüksəkdir. Xüsusilə də Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddətinin uzadılması, BMT TŞ-da Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinin qarşısının alınmasında Konqo dövlətinin böyük rolu olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Konqo Respublikası Azərbaycanla qarşılıqlı tərəfdaşlığa hər zaman önəm verib: “Konqo da uzun illər işğalçılıqdan əziyyət çəkən bir dövlətdir. "Demokratik dünya"nın təmsilçisi olduğunu bəyan edən Fransa tərəfindən işğala məruz qalıb. Nəhayət ki, 1960-cı ildə Fransa tərəfindən müstəqilliyi tanınıb. Fransa kimi bir ölkənin soyqırımlarına, işğalçılıq siyasətinə məruz qalıb, mübarizə aparan Konqo Respublikasının Azərbaycanla əməkdaşlığı çox əhəmiyyətlidir. Çünki Azərbaycan da uzun illər işğal siyasəti ilə mübarizə aparıb”.

Politoloq sözlərinə davam edərək bildirib ki, təxminən oxşar talelərin qurbanı olan ölkələrin əməkdaşlığı hər zaman səmərəli olub: “Hesab edirəm ki, bu mənada bu iki dövlətin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığı davam edəcəkdir. Azərbaycan Prezidentinin BMT TŞ-nın təkmilləşdirilməsi ilə bağlı səsləndirdiyi təklifə Qoşulmama Hərəkatı daxilində çox böyük inam və dəstək mövcuddur. Həmin dəstəyi nümayiş etdirən dövlətlərdən biri də Konqo Respublikasıdır. Baxmayaraq ki rəsmi dövlət dili fransız, inancları xristian dinidir, amma bir çox din və dil fərqliliyini öz mübarizələrinin alətinə çevirən dövlətlərdən fərqli olaraq Konqo kimi dövlətlər bunu dövlətlərarası münasibətlərə təsir edəcək amillər kimi xarakterizə etmir. Bu prizmadan yanaşmağı bacaran xalqlar birgə fəaliyyətlərində daha ciddi uğurlar əldə edəcəklər. Bu prosesdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti mühüm rol oynayır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə