“Lavrov həqiqəti söyləməyə məcbur oldu”. - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib”. Bu sözləri SİA-ya açıqlamasında Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, doğrusu bunu Lavrovun dilindən ilk dəfədir eşidirik: “Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər. Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib. Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır”.

Onun sözlərinə əlavə edərək qeyd edib ki, bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb: “ Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə