"Madrid prinsipləri"ni gündəmə gətirmək cəfəngiyyatdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ATƏT-in Minsk Qrupu kimi "Madrid prinsipləri" də çoxdan dəfn olunub. Məntiqlə düşündükdə "Madrid prinsipləri"nə necə qayıtmaq olar? Azərbaycan 44 günlük müharibə ilə hər şeyi həll edib. Onda biz qazandığımız qələbədən imtina etməliyik? Əslində "Madrid prinsipləri" keçmişimiz, ATƏT-in Minsk Qrupunun təhlil etdikləridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu təhlillərin heç biri Ermənistan tərəfindən qəbul edilmədi: "Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdən, tarixi və dini abidələrini məhv etməkdən zövq alırdı. Bütün dünya buna səssiz qaldı, kar oldu, kor oldu və ermənilərin faşist hərəkətlərinə etiraz etmədi. Ona görə də Azərbaycan məcbur olub BMT TŞ-nın qətnamələrini özü yerinə yetirdi. Belə olduqda "Madrid prinsipləri" haqqında danışmaq cəfəngiyyatdır. Tarixə qovuşmuş bir prinsipi yenidən gündəmə gətirmək düzgün deyil".

Deputat sözlərinə davam edərək bildirib ki, bu, Ermənistan tərəfinin sülh müqaviləsini imzalamamaq üçün növbəti bəhanəsidir: "Azərbaycan yalnız Cənubi Qafqazın deyil, ümumilikdə bölgənin güclü və ədalətli dövlətidir. Bu problemi də ədalətli şəkildə həll etmək üçün əlimizdən gələni etmişik. Ermənistanın Avropadakı havadarları onların qəddarlığını humanizm kimi qəbul edirsə, etsin. Ermənistan istədiyi prinsipdən dəm vura bilər. Bugünkü günün prinsipi odur ki, qalib Azərbaycan diktə edir və məğlub Ermənistan da bu diktəni qəbul etməlidir. Qəbul etmədiyi təqdirdə dəmir yumruq, 10 milyonluq xalq və Azərbaycanın haqqını tanıyan yüz milyonlarla insan bu məsələnin ədalətli həlli üçün əlindən gələni edəcək. Biz sülh və əmin-amanlıq istəyirik. Əgər Ermənistan bunu istəmirsə, öz problemidir. Amma keçmişdən qalan nəyisə gündəmə gətirmək başqa, reallıq başqadır. Azərbaycan reallıqlar üzərində çalışır və irəliyə doğru addımlar atır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə