"Ekofəallar həmişə Azərbaycan xalqı tərəfindən minnətdarlıqla yad ediləcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Şuşa-Xankəndi yolunda Azərbaycan ekofəalları, ictimaiyyət nümayəndələri etiraz aksiyaları keçirirlər. Bu etiraz aksiyasının tələbləri hər kəsə bəllidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, onlar Azərbaycan torpaqlarında faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olan separatçılara və şirkətlərə "dur" deyir, həmin ərazilərdə Azərbaycan nümayəndə heyətinin monitorinq aparması üçün icazə verilməsini tələb edirlər: "Ekofəallar Laçın yolunu faktiki olaraq humanitar məqsədlər üçün istifadə edilməsinə şərait yaradırlar. Əslində, bu yol elə humanitar məqsədlər üçün istifadə edilməli idi. Təəssüf ki, ötən iki il müddət ərzində biz Ermənistan tərəfinin terror və separatçılara dəstək məqsədilə buradan çoxlu sayda hərbi silah-sursat daşındığını müşahidə etdik".

Deputat sözlərinə davam edərək qeyd edib ki, bu baxımdan ekofəallar böyük işlər görür və erməni separatçılarının fəaliyyətinin qarşısını alırlar: "Ona görə də hər bir azərbaycanlı bu aksiyanı dəstəkləyir. Gənclərimizə dərin təşəkkürümüzü bildiririk ki, qarda, şaxtada aksiyanı davam etdirirlər. Düşünürəm ki, aksiya öz nəticəsini əldə edənə qədər davam etdiriləcək. Gec-tez separatçılar, qanunsuz fəaliyyət göstərən qüvvələr bu əraziləri tərk etməli olacaqlar. Sonda Azərbaycan nümayəndə heyəti faydalı qazıntıların istismar olunduğu ərazilərdə monitorinq aparacaqlar və bu ərazilər tamamilə Azərbaycanın nəzarəti altına keçəcəkdir. Ekofəallar hər zaman Azərbaycan xalqı tərəfindən minnətdarlıqla yad ediləcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə