"Ermənilər sülh haqqında danışır, amma praktiki addımlar atmırlar" - DEPUTAT ŞƏRH ETDİ

"Ermənilər sülh haqqında danışır, amma praktiki addımlar atmırlar. Bəzən də ötən il olduğu kimi praktiki nəticələrə yaxınlaşıldığı zaman hansısa supergücün təhriki ilə qeyri-konstruktiv mövqe tutaraq sülh prosesini ya yubadırlar, ya da baş tutmasına əngəllər yaradırlar. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən ermənilər hələ ki, ilin başlanğıcından Laçın koridorunu bəhanə edərək sülhyaratma prosesinin Azərbaycan tərəfindən əngəllənməsi barədə hədyanlar söyləyirlər: "Onlar, eyni zamanda da, sülhdən dəm vururlar. Mənim fikrimcə, bu məsələdə əsas skripka rolunu Rusiya oynayır. Rusiya Nikol Paşinyanı devirmək, Qarabağa göndərdiyi Ruben Vardanyanı da əvvəlcə Qarabağda liderlik, daha sonra isə Ermənistan hakimiyyəti uğrunda mübarizəyə atmaq istəyir".

Politoloq sözlərinə davam edərək bildirib ki, Paşinyanın Rusiya ilə əlaqələri pisləşdirmək xətti də bununla bağlıdır: "Üstəlik, onun Rusiyaya qarşı irəli sürdüyü ittihamlar daha da çoxalıb. Zənnimcə, Nikol Paşinyan sülh müqaviləsini bağlamaqla hakimiyyətini qoruyub saxlamağa çalışacaq. İndiki halda onun Rusiyanın təxribatlarının qarşısını almaqda əsas yolu sülh müqaviləsini imzalamaqdan keçir. Artıq Paşinyanın sülh göyərçini libasına bürünməsi onların bunu dərk etməsini yəqin edir. Hər halda yaxın vaxtlarda sülh müqaviləsi istiqamətində danışıqların baş tutacağı istisna olunmur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə