"Heç kəsə sirr deyil ki, Ermənistan Azərbaycan torpaqlarında yaradılıb" - DEPUTAT DANIŞDI

"Heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi torpaqlarında başqa dövlətlər yaranıb. Xüsusilə də Qərbi Azərbaycan adlandırdığımız ərazilərdə məhz XX əsrin əvvəlində böyük güclərin dəstəyi ilə Ermənistan dövlətinin əsası qoyulub". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, hətta o vaxtkı Xalq Cümhuriyyətinin qurucuları məcburiyyət qarşısında qalaraq xarici güclərin təsiri altında Azərbaycanın tarixi və qədim şəhəri olan İrəvanı ermənilərə güzəştə gediblər: "Nəticə etibarilə, İrəvana sahib olan ermənilər daha sonra Göyçə, Qərbi və Şərqi Zəngəzur, Naxçıvan, Qarabağ və digər Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. Bu iddiaların nəticəsi olaraq sovetlər qurulduqda təəssüf ki, Zəngəzur mahalını da öz ərazilərinə qata bilib, Qarabağa isə muxtariyyət verilməsinə nail olublar. Bir sözlə, Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradıldığı hər kəsə məlumdur. Bütün tarixi faktlar bizim bu fikrimizi təsdiqləyir. Ancaq Qərbi Azərbaycanda Ermənistan Respublikası yaradılsa da, orada yenə də azərbaycanlılar yaşayırdı. Məhz 1988-ci ildən azərbaycanlılar o ərazilərdən tamamilə qovuldu. Əgər biz XX əsr boyunca mərhələli şəkildə azərbaycanlıların həmin ərazilərdən deportasiya olunmasının şahidi olurduqsa, 1988-ci ildə artıq bu proses yekunlaşdı".

Deputat sözlərinə davam edərək qeyd edib ki, faktiki olaraq hal-hazırda həmin ərazilərdə ümumiyyətlə azərbaycanlı, türk, müsəlman yaşamır: "Ancaq 1988-ci ildən sonra fərqli proseslər baş verdi. Sovetlər İttifaqı dağıldı, Azərbaycan müstəqilliyini əldə etməsinə baxmayaraq Qarabağ problemi ilə qarşılaşdı və 20% ərazisi işğal edildi. Nəticə etibarilə Azərbaycan Qarabağ problemini daha aktual və daha vacib hesab etdiyi üçün bu məsələnin həllinə fokuslandı və Qərbi Azərbaycanlıların hüquqlarının qorunması, onların öz dədə-baba yurdlarına qayıtması məsələsi ikinci plana keçirildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanması və Qarabağ ilə Şərqi Zəngəzuru işğaldan azad etməsi bizim üçün yeni yol xəritəsini müəyyənləşdirmək imkanı yaratdı. Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdüyü zaman Qərbi Azərbaycan əhalisinin hüquqlarının qorunması və bərpası məsələsini gündəmə gətirməsi hər kəsi sevindirdi. Çünki 2020-ci ildə qəbul edilən üçtərəfli bəyanatda qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması məsələsi də nəzərdə tutulub. Əgər Azərbaycan torpaqlarında erməni əsilli vətəndaşlar yaşayacaqsa, Ermənistan ərazisində də Azərbaycan əsilli vətəndaşların yaşaması niyə də olmasın?! Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlıların öz doğma yurdlarında yaşamaq hüquqları var. Beynəlxalq sənədlərə əsaslanaraq məhz Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtma hüququ mütləq bərpa olunmalıdır. Cənab Prezidentin haqlı olaraq bu məsələ ilə bağlı göstəriş və tövsiyələrini verməsi düşünürəm ki, çox yerində atılmış bir addımdır. Necə ki Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edənə qədər hər bir azərbaycanlı Qarabağlı idi, bu gün isə hamımız Qərbi Azərbaycanlı olmalıyıq. Baxmayaraq ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır, ancaq beynəlxalq hüquq var. Hal-hazırda bu torpaqlar Ermənistan Respublikasının ərazisi olaraq tanınır. Bu baxımdan Qərbi Azərbaycana qayıdış konsepsiyası sülhə əsaslanmalıdır və biz beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə edərək o torpaqlardan didərgin düşmüş insanların öz yurduna qayıtmasını təmin etməliyik. Hətta sovetlər dövründə belə həmin ərazidə olan Azərbaycan və türk toponimlərini Ermənistan müstəqillik qazandıqdan sonra dəyişdirdi. Biz çalışmalıyıq ki, toponimlərin bərpası məsələsini də gündəmə gətirək. Ən pis halda 1988-ci ildə bu ərazilərdən deportasiya edilmiş soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını təmin etməliyik.

Düşünürəm ki, bu çox şərəfli və müqəddəs bir mübarizədir. Bu mübarizədə bütün azərbaycanlıları həmrəyliyə, bütün tarixçilərimizi də bu prosesdə aktiv olmağa çağırıram. İnanıram ki, cənab Prezidentin bizlərin qarşısına qoyduğu bu vəzifəni hər bir azərbaycanlı, əsasən də Qərbi Azərbaycandan olan soydaşlarımız uğurla yerinə yetirəcəkdir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə