"Serbiya liderinin ölkəmizə səfəri münasibətləri daha da dərinləşdirib" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-Serbiya münasibətləri yeni müstəviyə qədəm qoyub və sürətli inkişafa doğru irəliləyir. Son bir neçə ayda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Serbiya Prezidenti Aleksandr Vuçinin təmasları, keçirilən görüşlər, xüsusilə də Serbiya liderinin ölkəmizə səfəri münasibətləri daha da dərinləşdirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan Avropanın etibarlı enerji təminatçısı kimi böyük nüfuz qazanır: "Avropa ölkələri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa can atır. Çünki, Azərbaycanın enerji mənbələrinə böyük ehtiyac var. Ən əsası isə Prezident İlham Əliyevin yürütdüyü praqmatik, qətiyyətli siyasəti Serbiyanı da cəlb edir, qarşılıqlı əməkdaşlıq perspektivləri açır. Burada önəmli məqam hər iki ölkə rəhbərinin dostluq münasibətləri qurmasıdır. Bu, ikitərəfli əməkdaşlığın vacib elementlərindən biridir".

Politoloq sözlərinə davam edərək bildirib ki, Serbiya liderinin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi xoş sözlər, ölkələrimiz arasında gələcək əməkdaşlıqla bağlı verdiyi bəyanatlar, əldə edilən razılaşmalar münasibətləri zirvəyə qaldırır: "Əlbəttə ki, əsas məqam Serbiyanın enerji təminatı, nəhəng enerji layihələrində birgə iştirak, qarşılıqlı ticari əlaqələrin qurulmasıdır. Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, çətin zamanda eyni mövqedən çıxış edir. Bu da önəmli faktorlardan biridir. Tam əminliklə demək olar ki, Azərbaycanla Serbiya arasında əməkdaşlıq daha da dərinləşəcək, bu münasibətlər ölkələrimizin və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə