"Erməni tərəfi bir növ özünə arxayınlaşıb" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Müharibə bitəndən sonra sülh müqaviləsi imzalanmayana qədər proseslərin bu formada davam edəcəyi gözlənilirdi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Səxavət Məmməd deyib.

Onun sözlərinə görə, bəzi zamanlarda bu proses artan templə gedir, hətta nəticəsində erməni təxribatlarına qarşı Azərbaycan tərəfi onlara bir neçə dəfə layiqli cavabını verdi. Buna misal olaraq Fərrux yüksəkliyi götürüldü, Sarıbaba yüksəkliyi Azərbaycan tərəfindən götürüldü. Bu yüksəkliklərin götürülməsi sırf erməni təxribatlarının cavabı idi. Ən əsas məsələlərdən biri də sərhəddə toqquşma zamanı ermənilərin təxribatçı hərəkətləri olmuşdu. Azərbaycan isə onlara cavabını vermişdi. İndi ki, məqamda erməni tərəfi bir növ özünə arxayınlaşıb. Niyə arxayınlaşıb. Əvvəllər elədikləri təxribatın cavabını Azərbaycan hansısa xüsusi bir əməliyyatla cavabını verirdi. Məsələn Azərbaycan tərəfi irəli gedərək hər hansısa bir yüksəkliyi götürə bilirdi. İstər sərhəd istiqamətində, istərsə də Qarabağ istiqamətində çox rahat şəkildə istədiyimiz yüksəkliyi götürə bilirdik. İndi isə Azərbaycan faktiki olaraq bütün yüksəklikləri götürdüyünə görə, ermənilərin təxribatına qarşı cavab vermək sadəcə mövqe döyüşü ola bilər. Belə desək mövqenin susdurulması ola bilər. Çünki bundan sonra atılan hər bir addım elə bir vəziyyətə gəlib çıxıb ki, ermənilərin yaşayış məntəqələrinə Azərbaycan ordusunun girməsi anlamına gəlib çıxacaq. Ondan sonra bütün dünya da Azərbaycana qarşı başlayacaqlar ki, dinc əhalini qırdılar, dinc əhalini narahat edirlər və başqa yalan dezinformasiya xəbərlər yayacaqlar. Bunu Azərbaycan da bilir. Onların informasiya maşınları çox güclüdür və demək olar ki, dünyanın hər bir yerində bu şəbəkəni qurublar. Bunu da Azərbaycana qarşı yaxşıca istifadə edirlər. Yenə də sülh müqaviləsi bağlanana qədər biz bu təxribatların, atəşkəs pozuntularını onlardan görəcəyik.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə