"Kəlbəcərdə faciə törədən mina Laçın dəhlizi ilə gətirilib" - DEPUTAT AÇIQLAMA VERDİ

"Laçın dəhlizi işğal dövründə Ermənistanın 1 milyondan çox minanı Azərbaycan ərazilərinə gətirdiyi yol olub, Kəlbəcərdə partlayan, faciə törədən mina da vaxtilə bu yolla daşınıb. Aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi hərbi texnika və sursatların Azərbaycan ərazilərinə daşınmasına icazə verməyəcək, yoldan çəkilməyəcək. Nə qədər ki, Ermənistan törətdiyi cinayət əməllərinə görə cəzalandırılmayıb, mina qurbanlarının da sayı artır". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Kəlbəcərdə daha 8 nəfərin mina qurbanı olması bunu bir daha təsdiqləyir: "30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumat verməyən Etmənistan postmünaqişə dövründə də təxribatları davam etdirir. Gümrüdə istehsal edilən minalar azad olunmuş ərazilərə basdırılır. Faktiki müharibə bitsə də, mina terroru can almaqda davam edir. Təbii ki, Ermənistan bunu məqsədli şəkildə edir. Daha çox azərbaycanlının həlak olmasını, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını yubatmaq istəyirlər. Burada Ermənistanla yanaşı beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Çünki Ermənistana hər hansı təzyiq və ya çağırış edilmir. Qeyri-dəqiq mina xəritələri ilə beynəlxalq ictimaiyyəti aldatmasına rəğmən bu terrorçu dövlətin davranışlarına göz yumulur".

Deputat sözlərinə davam edərək bildirib ki, bu gün azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır: "Azərbaycan haqlı olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir. Beynəlxalq ictimaiyyət bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidir.

Hazırda ekofəalların aksiya keçirildiyi Laçın yolundan da Ermənistan Azərbaycan ərazilərini minalamaq üçün fəal istifadə edirdi. Post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021, 2022-ci illərə aid olması da göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb. Aksiya iştirakçıları tələb edir ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, ayrıca nəzarət-buraxılış məntəqələri olmalıdır. Rusiya sülhməramlıları Azərbaycan ictimaiyyətinin etimadını doğrultmadı. Ona görə də biz öz təhlükəsizliyimizi özümüz təmin etməliyik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə