Şimali Koreyaya sanksiyalar tətbiq edilib

Ötən aylarda silah proqramını sürətləndirən və ardıcıl raket sınaqları ilə Koreya yarımadasında gərginliyin artmasına səbəb olan Şimali Koreyaya qarşı Avropa İttifaqı (Aİ) əlavə sanksiyalar tətbiq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pyonqyanq administrasiyasının nüvə silahı və ballistik raket proqramına dəstək verən 8 nəfər və daha 4 təşkilat sanksiya siyahısına əlavə edilib. Sanksiyalar arasında səyahət qadağası, maliyyə qadağası tədbirləri olduğu qeyd edilsə də, siyahıya əlavə edilən şəxslərin və təşkilatların əksəriyyətinin artıq ABŞ və Cənubi Koreyanın tətbiq etdiyi sanksiyalara məruz qaldığı öyrənilib.

Son qərarla Şimali Koreyanın silah proqramına görə Aİ-nin müstəqil şəkildə sanksiya tətbiq etdiyi şəxslərin sayı 73-ə, təşkilatların sayı isə 17-yə yüksəlib. Məlumdur ki, ötən ilin aprelində müstəqil sanksiyalar siyahısını yeniləyən Aİ öz sanksiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 80 şəxs və 75 təşkilata da sanksiya tətbiq edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə