Artan İran-Ermənistan əlaqələri Azərbaycanın qələbəsi ilə bağlıdır - POLİTOLOQ ŞƏRH ETDİ

"İranla Ermənistanı birləşdirən heç bir tutarlı səbəb olmasa da, təəssüf ki, regionda bu iki dövlətin fəaliyyəti regional sülhə, təhlükəsizlik və sabitliyə təhdid törədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, İranın Qafanda, eləcə də Ermənistanın Təbrizdə konsulluq açmaq niyyətləri məhz diplomatik sahədə hər iki dövlətin fəaliyyətini nümayiş etdirsə də, bu konsulluq yarışı ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı yönəlib: "Digər tərəfdən bu iki dövlətin açıq-aşkar şəkildə dostluq əlaqələrini nümayiş etdirməsi, Paşinyanın Seyid İbrahim Rəisi ilə görüşləri intensiv xarakter alır. Bu fəaliyyət xüsusilə, Vətən müharibəsindən sonra daha geniş həcmdə hiss olunur. Təbii ki, Ermənistanla İran arasında münasibətlər ilk növbədə Azərbaycanın II Qarabağ müharibəsində qazandığı qələbə ilə bağlıdır".

Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, son dövrlər 27 Xüsusi Xidmət Orqanının əməkdaşının İran tərəfindən separatçı rejimə göndərilməsi, ardınca 600 İran istehsalı olan raketin Ermənistana verilməsi böyük narahatlıq doğurur: "Bu raketlərin göndərilməsi regionda güclü orduya sahib olan Azərbaycanla Ermənistan arasında balansın yaranmasına yönəlib. Lakin vurğulamaq lazımdır ki, Azərbaycan bu seqmentdə İsrail istehsalı olan "Spayk" tank əleyhinə idarə olunan raketlər kompleksinə malikdir, hansı ki bu raketlər öz sinfində ən güclü hesab olunur. Ona görə də İranın yardımı böyük ölçüdə nəyisə dəyişməsə də, bir növ Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına təhdid kimi qiymətləndirilə bilər. İranla Ermənistan arasında olan yaxınlıq rəsmi Bakı tərəfindən də diqqətlə izlənilir və buna uyğun addımlar atılır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə