"Bunları zamanla görəcəyik" -HƏRBİ EKSPERT ŞƏRH BİLDİRDİ

"2020-ci il 10 noyabr bəyanatından sonra nəzərdə tutulan sülh müqaviləsinin imzalanması üçün bir sıra danışıqlar aparılmağa başladı. Bu danışıqlarda, həmişə olduğu kimi, Ermənistan qeyri-adekvat reaksiya göstərməyə başladı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, müqavilənin imzalanmasından yayınmaq məqsədilə həm Qarabağda sülhməramlıların dislokasiya olunduğu ərazidə, həm də Azərbaycan-Ermənistan dövlət sərhəddi istiqamətində təxribatların sayını artırmağa başladı. Bununla bağlı bir sıra səbəblər sadalaya bilərik. Birincisi, təbii ki, Ermənistanın maksimum şəkildə məğlub durumdan çıxmağa çalışmasıdır. İkincisi, daxili imkanlarını, yəni hərbi imkanlarını səfərbər etmək niyyətidir. Üçüncüsü isə, Qarabağdakı ermənilərin hüquqi statusunun nail olunmasıdır. Azərbaycan bu hüquqi statusla bağlı məsələyə öz münasibətini bildirmişdir. Xüsusi bir statusun olacağı nəzərdə tutulmur. Digər Azərbaycan vətəndaşları kimi onlar da imtiyazlardan istifadə edəcəklər və Azərbaycan vətəndaşı olacaqlar. Daxili imkanlar hesabını gücləndirmək məsələsinə gəldikdə isə təbii ki, Ermənistan bu istiqamətdə müəyyən addımlar atır".

Lakin bu addımları Azərbaycan üçün təhlükə hesab edə bilərikmi? Hərbi ekspert fikirlərinə davam edərək bildirdi ki, əlbəttə, bu, olduqca maraqlı bir məqamdır. "Bunları zamanla görəcəyik. Ən vacib məqamlardan biri də Qarabağ istiqamətindəki təxribatların baş verməsinin əsas səbəbi birmənalı olaraq 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əməl olunmamasıdır. Bu bənddə Rusiya sülhməramlı qüvvələrinin bölgəyə daxil olduğu vaxtda Ermənistan hərbi birləşmələrinin ərazini tərk etməsi ilə bağlıdır. Lakin biz görürük ki, bu bəndə riayət etməyən silahlı birləşmələr orada olaraq təxribatlara əl atırlar. Və belə olan təqdirdə artıq bəlli olur ki, Ermənistan müqaviləni imzalamaqda maraqlı deyil, istəmir. Zəngəzur dəhlizinin açılmasında da qeyri-adekvat reaksiya nümayiş etdirir. Bütün bunlar gərginliyin qalacağına şübhə yaradır. Hesab edirəm ki, belə olan təqdirdə, Azərbaycan antiterror əməliyyatı keçirməklə məsələnin həllində ciddi geri dönüş yaradacaq".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə