Dini və milli tolerantlıq demokratik dövlət quruculuğu kursuna əsaslanır - TƏHLİL

Hansısa Avropa ölkəsində, yaxud dünyanın hansısa inkişaf etmiş ölkəsində qeyri-millətlərdən, qeyri-dinlərdən olan insanlara qarşı törədilən zorakılıqlar, hücumlar barədə, ən azından dözümsüzlük nümayiş etdirildiyi haqda dünya mətbuatında məlumatlar yayıldığı bir zamanda, Azərbaycan müxtəlif etnosların, millətlərin, fərqli dinlərə sitayiş edən, fərqli ənənələri olan insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə kimi qalmaqdadır. Hələ də miqrantlara qarşı zorakılıq, yaxud aqressiya müşahidə olunan inkişaf etmiş Avropa və dünya ölkələri üçün Azərbaycanda hökm sürən tolerantlıq, müxtəlif millətlərin, dinlərin nümayəndələrinə olan dözümlülük bir nümunə, bir örnək hesab olunur.

Latın dilindəki “tolerancia” sözündən götürülən və dözümlülük mənasını verən tolerantlıq, dini və milli müxtəlifliyin etirafı və bu müxtəlifliyə hörmətlə yanaşılması kimi başa düşülür. Tolerantlıqla bağlı problem bizim ölkəmizdə deyil, ilk dəfə Qərbdə, özü də orta əsrlərdə meydana çıxıb. Məsələ burasındadır ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində belə bu problem bu gün də qalmaqdadır və hələ də bu ölkələrdə qeyri-millətlərdən, qeyri-dinlərdən olanlara qarşı ən azından dözümsüzlük müşahidə edilməkdədir. Halbuki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də müxtəlif dinlərin, müxtəlif millətlərin, etnosların nümayəndələrinə hörmətlə yanaşan ölkə olaraq tanınır.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, istər islama qədərki dövrdə, istərdə də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşıb, insanlar əmin-amanlıq şəraitində yaşayıblar. Bir sözlə, Azərbaycanda tarixən yüksək tolerantlıq mühiti hər zaman hökm sürüb. Bu tolerantlıq mühiti hələ də, özü də ən yüksək səviyyədə mövcuddur və müxtəlif dinlər, etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında sözsüz ki, Azərbaycan xalqının və islam dininin mühüm rolu var. Çünki, xalqımız üçün sülh və barış, islam dini üçün də bərabərlik, hüquqların qorunması xarakterikdir.

İstədiyi dinə etiqad etməkdə, dinə münasibətini belə müəyyənləşdirməkdə hər kəs ölkəmizdə azaddır, sərbəstdir, qınanılmır və öz seçiminə görə heç kəsə dözümsüzlük nümayiş etdirilmir. Ölkəmizdə dini etiqadların, inancların, ibadətlərin zorla təbliğ edilməsi hətta qanunla qadağan edilir. Bir sözlə, milli-mədəni və dini münasibətlər sistemi ölkəmizdə qanunla mühafizə olunur. Beləki, dinə münasibətlərindən, dini, milli, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində vətəndaşlar qanun qarşısında bərabərdirlər.

Tarixə ekskursiya etdikdə də əmin oluruq ki, Azərbaycanda tolerantlıq, dini tolerantlıq hər zaman olub. Məsələn, dünyanın ən qədim məscidlərindən sayılan və 743-cü ildə Şamaxı şəhəri ərazisində tikilən məscid də, Şəki şəhəri yaxınlığında yerləşən və dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban Kilsəsi də, provoslav və katolik kilsələri də, sinaqoqlar da, atəşpərəstlər məbədi də Azərbaycan ərazisində yerləşir və bu fakt özü ölkəmizdə tolerantlığın hər zaman olduğunun sübutudur. Hal-hazırda isə ölkəmizin əhalisinin 96 faizini müsəlman, qalan 4 faizini də xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil etdiyini qeyd etməklə yanaşı, onu da diqqətə çatdıraq ki, mövcud 597 dini icmadan 21-i qeyri-müsəlman icmasıdır. Nümunə üçün diqqətə çatdırmaq yerinə düşərdi ki, Quba rayonunun Qırmızı qəsəbəsi bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsidir. Ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi nə zamansa baş verməyib və bunu da tolerantlıq nümunəsi kimi qürurla qeyd edə bilərik.

Fərqli sivilizasiyaların qovşağında yerləşən, çox zəngin mədəni-mənəvi irsi, tarixən tolerantlıq ənənələri olan Azərbaycan müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər daha da möhkəmlənib, dövlətçilik konsepsiyasına uyğun şəkildə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının, tolerantlığın əsl təminatçısıdır. Ümumiyyətlə, dini və milli tolerantlıq siyasəti dövlətimizin demokratik dövlət quruculuğu kursuna əsaslanır. Bu siyasətin uğurla davam etdirildiyini müşahidə etmək çətin deyil və əslində, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin, Dini Mədəniyyətin İnkişafı Fondunun yaradılması deyilənlərin ən parlaq nümunəsi, isbatıdır. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” kimi qeyd edilməsi, ölkəmizin artıq 5 dəfə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 4-cü dəfə mədəniyyətlərarası dialoqun müzakirəsinə uğurla ev sahibliyi etməsi ölkəmizdə milli, dini tolerantlığın yüksək səviyyədə olmasının göstəricisidir.

İstər milli, istərsə də dini tolerantlığın ölkəmizdə yüksək səviyyədə olması məhz, milli və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanların ölkə üçün, dövlət üçün çalışmaq məqsədinin daha yüksəkdə durmasının, bir sözlə, azərbaycançılıq siyasətinin məntiqi nəticəsidir. Azərbaycanda ölkə və dövlət üçün mühüm əhəmiyyətli məsələlərdə dinindən, dilindən, milli-entik mənsubiyyətindən asılı olmayaraq, hamının bir yumruq kimi birləşə bildiyini ikinci Qarabağ müharibəsi də isbatladı. Məhz bu amil, etiraf edilməlidir ki, qələbənin əldə olunmasında ən mühüm rol oynadı. Göründüyü kimi, dövlətçilik Azərbaycanda ən öndədir, dini, eləcə də milli münasibətlər dövlətçiliyin möhkəmlənməsinə kömək edir və ona görə də Azərbaycanda dini, milli tolerantlıq ciddi təməllərə söykənərək inkişaf edir və məhz bu yanaşma siyasi və metodoloji baxımdan düzgün yanaşma olaraq diqqətə layiqdir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə