Zəngilana vüqarı kimi, çinarı da qaytarılır TƏHLİL+YANAŞMA

Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə sərt quruluşa malik sıldırımlı qayaları özünə məskən seçən Zəngilanın vüqarı və əzəməti əlindən alınmışdı. 27 il idi ki, bu yurd yerimiz düşmən tapdağı altında əzilir, imdad edirdi. Bu “kürəyini” dağlara söykəyib vüqarla dayanan Zəngilandan əsər-əlamət qalmamışdı. Qəribçilik onun qəddini əymiş, vüqarını incitmişdi. Düşmən tapdağı, yağı səsi, yad əllər, nankor hərəkətlər hüsnünü, gözəlliyini tar-mar etmişdi. Zəngilanın qaməti əyilmişdi sanki. 27 il idi ki, doğma səsə, nəfəsə möhtac idi.

2020-ci ilin payızına həmin payız başlanan İkinci Vətən Müharibəsi ilə əsarətdə olan bütün torpaqlarımız kimi, Zəngilanının da 27 il küsən baharı gəldi. Bu baharı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuzun qəhrəman, igid əsgərləri gətirdi. Hələ qədim dövrlərdən üzü bəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən, Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən, bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi və bu silsilənin getdikcə alçalaraq əmələ gətirdiyi Geyən çölündən, ümumilikdə bir füsunkarlıq abidəsi Zəngilandan düşmən ayağı kəsildi.

2020-nin 20 oktyabrı Zəngilana vüqarını qaytardı

Bəli, həmin gün bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir. 27 illik həsrətin vüsal günüdür. Bu gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olundu həmin gün. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bütöv Azərbaycan qədər haqq edən Ali Baş Komandanımızdır. Həmin günü olduğu kimi xatırlayıram. Cənab İlham Əliyevdən tarixə yazılan yeni şad xəbər:

-Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Bu gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

27 il doğmasını gözləyən Zəngilanın bu qələbədən sonra vüqarı özünə qaytarıldı. Bu ağa, bəy yurdu yenə əvvəlki əzəməti ilə ətrafına qürur saçdı. Yeri gəlmişkən qeyd edim ki, sovet dönəminin 70 ilinin başlanğıcında “bolşevik hərəkatı”nın liderlərinin Azərbaycan bəylərini, ağalarını düşmənə çevirib xalqa təqdim etmələrinə baxmayaraq tariximizin səhifələrində bəylərin, ağaların silinməz izləri var. Onların dövrün siyasi rəhbərləri kimi fəaliyyətləri, ictimai işlərdə fəallığı, məmləkətdə tikdirdikləri məktəblər, məscidlər, körpülər, saldıqları yollar və digərləri bu gün Azərbaycan tarixinin bir hissəsini təşkil edir. Zəngilan rayonunun ərazisi də ötən əsrin əvvəllərində əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Bəylərin, ağaların vaxtilə bu yurd yerinin abadlaşmasında xidmətləri danılmazdır.

Elə Zəngilanın vüqarı da coğrafi mövqeyi ilə yanaşı, ağa, bəy yurdu olması ilə sıx bağlıdır. Bu vüqarı Ali Baş Komandanımız, ordumuzun igid əsgərləri qaytardı Zəngilana. Bu yurd azad oldu. İndi Zəngilan vüqarla burada aparılan bərpa işlərinə tamaşa edir. Bir də sıx meşələri, çinarları ilə dünyada məşhur olan Zəngilan vüqarı kimi, çinarlarını ona qaytaran doğmalarını seyr edir.

Dünyada ikinci, Avropada birinci

Dünyada ikinci, Avropada birinci olan neçə-neçə nadir çinar meşələrinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda 20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu.

Zəngilan maddi-mədəniyyət abidələri ilə yanaşı, flora və faunasının zənginliyinə görə də fərqlənir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilan bölgəsi hələ qədim zamanlardan sıx meşələri, münbit vadiləri, yaşıl bitki örtüyü, gur sulu çayları ilə diqqəti cəlb edib. Çinar meşəsi təkcə Zəngilan rayonunun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur. Mənbələr sübut edir ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir.

Coğrafiyaşünas tədqiqatçı Oqtay Ələkbərov qeyd edir ki, çinar (Platanus) - çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr florasının yadigarı sayılır. Digər müəlliflər və coğrafiyaşünaslar qeyd edirlər ki, Zəngilan çinarı görkəminə, fiziki vəziyyətinə, nadir bioekoloji əlamətinə görə bənzərsizdir və onu Şərqin florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığına görə isə Cənubun nəhəng ağacı adlandırırlar.

Çinar meşəsi çox nadir yaşıllıq füsunkarlıq mənbəyidir və Zəngilan bölgəsi üçün xüsusi, əvəzolunmaz gözəllik verirdi, deyən Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalovun fikirlərinə görə Zəngilan çinarları dünyada bitən 8 çinar növündən biri idi. Çinar ağacının Azərbaycanda iki növünün mədəni mənşəli və yabanılaşmış növlərinin bitdiyi məlumdur. Azərbaycanda yayılan çinar növünün əsasını Zəngilan çinarları təşkil edir. Bu çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, Cənubi Qafqazda geniş yayılıb.

Azərbaycan Xalq Cümhuriyyəti zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanda Çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin elə ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi – Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz kəndləri ərazisində qalıb. Beləliklə, ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsi işğal etdilər.

Çinar meşələrini qorumaq üçün yaradılan qoruq

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılıb. Çox təəssüf ki, 1980-ci ildə çinar meşəsinin ümumi sahəsi 10 hektar azalaraq 107 hektar təşkil edib. Hesablamalara görə, Azərbaycanda çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tutur. Hazırda Kanada dövlətinin bayrağının üzərindəki Şərq çinarı yarpağının təsviri uzun müddətdir ki, Kanadanın rəmzinə çevrilib. Bununla yanaşı, bir çox müəlliflər öz tədqiqatlarında hətta belə qənaətə gəlirlər ki, Zəngilanın çinar meşəsi – Şərq çinarı meşəsi dünyanın ən böyük meşə zolağıdır.

Tədqiqatçı, coğrafiyaşünas Oktay Ələkbərov da öz araşdırmalarına əsaslanaraq belə bir nəticəyə gəlir ki, Zəngilanın çinar meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir və bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir. Alimlərimizin qeydlərinə görə, Şərq çinarları tez böyüyən, susuzluğa davamlı və uzunömürlü ağaclar sırasına daxildir. Çinarlar 200-300 ilə qədər yaşaya bilir. Çinar ağacı müxtəlif məqsədlər üçün istifadə baxımından da olduqca dəyərli hesab edilir. Onun materiallarından tikinti materialı kimi, parket, mebel istehsalında, gəmiqayırmada və həmçinin dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.

Mənbələrə əsasən Zəngilanın çinar meşəsi təkcə yerli mütəxəssislərin, coğrafiyaşünas alimlərin deyil, həm də dünya elminin görkəmli tədqiqatçılarının diqqətini cəlb edib. Tədqiqatçı, coğrafiyaşünas Oqtay Ələkbərov “Zəngilanın çinar meşəsi” yazısında bir sıra yerli və xarici alimlərin Zəngilan çinarları ilə yerində tanış olmaq üçün meşəyə gəldiklərini qeyd edir. Ekspedisiya nümayəndələri Zəngilan çinarları ilə yerində tanış olaraq, onların hündürlüyü, diametri, xüsusiyyətləri, görkəmi haqqında ətraflı məlumat toplayıb və öz yazılarında bunlardan bəhs ediblər. Alimlərin fikrincə, çinarlar çay boyunca yayılmağa meyllidirlər. Görünür, Azərbaycanın flora-faunasından asılı olaraq ölkəmizin ərazisində çinar ağacları daha çox təbii yolla cücərib, bitir, böyüyür. Bu baxımdan Zəngilan rayonunda formalaşan, nəhəng bir görkəm alan və gözəlliyə çevrilən çinar meşəsi Zəngəzur silsiləsinin şərq yamaclarından başlayır və axan Bəsitçay boyunca 12-15 kilometr ərazidə yayılıb.

Vandalizmə uğramış çinarlar

Yağı düşmən 30 ildə işğal altında saxladığı torpaqlarımızda daşı daş üstündə qoymadığı ki, təbii sərvətlərimizi də talayıb, öz ölkələrinə daşıyıb, həmçinin dünya bazarlarına çıxarıb, satıb-sovub, milyonlar qazanıb. Məlumata əsasən ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub. Bəsitçay Dövlət Təbiət Qoruğunun təxminən yarısına qədər hissəsində qədim Şərq çinarı ağacları kəsilərək məhv edilib.

Elə Zəngilanda yaradılacaq İşğal Muzeyi də düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

Düşmən işğal etdiyi yurdlarımızın altını üstünə çevirməklə sübut etdi ki, bu torpaqlar haqqındakı iddiaları tamamilə yanlışdır. Çünki özünün olan torpaqda heç kim bu vandalizmi törətməzdi. Əksinə meşələri qoruyar, tikililəri daha da abadlaşdırardı. Lakin erməni adlı vəhşi tayfa bəlkə də düşünmədən bütün dünyaya bəyan etdi ki, bəli, bu torpaqlar qonşuya məxsusdur, biz isə onları talan edirik.

Zəngilanın çinarı özünə qaytarılır

Hər bir hadisənin sonu kimi, erməni vandalizminin də sonu gələcəkdi. Gəldi də. İndi biz qalib, onlar isə məğlub xaldır. Bu qələbə ilə Zəngilanın vüqarını qaytaran xalq, hazırda onun çinarını da özünə qaytarmaqla məşğuldur.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, işğal illərində Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 000 çinar ağacı və 1 000 kiloqrama yaxın palıd toxumu əkilib. Bəli, deməli, Zəngilanın vüqarı kimi, çinarı da özünə qaytarılır. Bütün bunlar isə sürətlə bərpa olunan Zəngilanın işıqlı sabahından xəbər verir.

Atalarımızın yaxşı bir məsəli var: su gələn arxa bir də gələr. Erməni adlı vandal düşünməsin ki, məhv etdikləri ilə bizi necə deyərlər, min arşın quyunun dibinə saldılar. Xeyr, düşmən erməni evləri yandıra, söküb öz ölkəsinə apara, ağacları kəsə, təbiəti məhv edə bilər. Lakin torpağa heç nə edə bilməz. Bütün bu sərvətləri isə yetirən-bitirən torpaqdır. Deməli, su gələn arxa bir də gələcək. Həmin torpağa əkilən minlərlə çinar sabah yenə Zəngilanın qiymətli sərvətinə çevriləcək. Palıd da həmçinin.

Yaxın gələcəkdə Zəngilanın məhv edilmiş təbiəti bərpa olunacaq. Yenə də xarici ölkələrdən çinar və palıdın sorağı ilə bu yurda gəlib, bu bənzərsiz ağaclar üzərində tədqiqatlar aparılacaq. Zəngilan çinarları yenə də dünyada ikinciliyini, Avropada isə birinciliyini qoruyub saxlayacaq. Bu çinarlar Zəngilanın füsunkar təbiətini zənginləşdirdikcə bölgəyə turist axını olacaq. Çünki bu yaşıllıqlar diyarında böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çayları ilə Zəngilan turizm üçün ən uyğun yerdir. Azadlığı ilə həm də abadlığına qovuşan rayonda insan əllərinin yaratdığı beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları, digər tikililər rayonun təbii gözəllikləri ilə harmoniya yaratdıqca Zəngilan böyük turizm məkanına çevriləcəkdir. Dövlətimizin başçısının dediyi kimi: “... Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.

Beləliklə, vüqarlı və çinarlı Zəngilanın parlaq gələcəyini bu gündən təsvir etmək olar.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə