Operativ Qərargahın yeni qərarını PAYTAXT SAKİNLƏRİ NECƏ QARŞILADI? - SORĞU

Vaksin və immunitet sertifikatlarının vaxtına məhdudiyyət qoyulacağı barədə məlumat verilib. Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın dünən keçirilən brifinqdə deyib. Covid-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir. Lakin brifinqdə bir sıra dəyişikliklər olub ki, bu barədə insanların fikirlərini öyrəndik. SİA-olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini İsmayıl Nəcəfov: “Çox istəyərdim ki, vaksinasiya prosesi ləğv olunsun. Çünki mən astma xəstəsi olduğuma görə, bu vaksin mənə pis təsir edir və həkimlər mənə bunu məcbur edirlər. Düşünürəm ki, bir çox xəstəliyə sahib olan insanları nəzərə alsalar daha yaxşı olar”.

Şəhər sakini Sevinc Hüseynova: “Hansı qadağalar ləğv olunsa da, maska qadağası ləğv olunmamalıdır. Çünki bu pandemiyada əsas olan maskadır və məsafədir. Mən şəxsən pandemiya bitsə də, maskadan istifadəyə davam edəcəm. İstərdim ki, bəzi qadağalar yumşaldılsa da, maska qadağası yerində qalsın”.

Şəhər sakini Rəşad Ələsgərov: “Mənim üçün o qədər də fərqi yoxdur, yəni özüm pandemiya şərtlərinə əməl edən insanam. Ona görə də düşünürəm ki, pandemiyadan əlavə insanlar öz şəxsi gigiyenasına əməl etməli və yediyi qidalara diqqət etməlidir ki, bir daha belə xəstəliklər meydana gəlməsin”.

Şəhər sakini Sevda Hüseynova: “Bu xəstəlik meydana gəldikdən sonra mən həyatımda olan 6 nəfəri itirdim. Bu, mənim üçün çox ağır itki idi. Düşünürəm ki, qadağalar həddən artıq yumşaldılmamalıdır ki, xəstəliklər tam bitsin”.

Şəhər sakini Tural Mirzəzadə: “Bildiyimə görə, maska qadağası ortadan qaldırılmayıb. Sadəcə, vaksin pasportları ilə bağlı məsələlər müzakirə olunub. Düşünürəm ki, nəqliyyatla bağlı verilən qadağalar ortadan qaldırılsa, daha yaxşı olar. Türkiyədən yeni gəlmişəm və orada mərkəzdə də yoluxma sayı çoxdu. Yaxşı olar ki, oradan gələn insanlar test üsulu ilə tam dəqiq yoxlanılsın ki, daşıyıcı insanların sayı azalsın”.

Türkiyə vətəndaşı Bəxtiyar Çelik: “Doğrusu Azərbaycanda o qədər də sərt qadağalar yoxdu. Mən daha çox Azərbaycanda yaşadığıma görə Türkiyəyə də gedib gəlirəm. Məncə, maska qadağası aradan qaldırılmamalıdır. Digər qadağalar isə, yəqin ki, zamanla aradan qaldırılar”.

Şəhər sakini Gülay Quliyeva: “Əlbəttə ki, bu, insanların həyatına yaxşı təsir edəcək. Ümid edirəm ki, bu qərar sabit olaraq qalar. Çünki vaksinasiya prosesi özü də çətin bir prosesdir. Elə insanlar var ki, vaksinə tab gətirə bilmirlər. Ona görə də belə qərarların verilməsinin lehinəyəm".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə