Koronavirusla mübarizədə Azərbaycanın uğurları böyükdür - POLİTOLOQ ŞƏRH ETDİ

“Koronavirus epidemiyasına qarşı mübarizə sahəsində Azərbaycanın uğurları böyükdür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycan bu xəstəliyin ilk günlərindən xəstəliyin yayılmasına qarşı və eləcə də xəstəliyin müalicəsi üçün bir sıra irimiqyaslı tədbirlər həyata keçirdi. “Əvvəlcə Sumqayıt, Bakı və Gəncə şəhərlərində tibbi maska istehsalını həyata keçirən fabriklər açıldı. Azərbaycanın əvvəl tibbi maskaya olan ehtiyacı güclə ödənilirdi indi isə Azərbaycan maskaları xarici ölkələrə də göndərə bilir. Xəstəliklərin müalicəsi ilə bağlı çox ciddi tədbirlər görüldü, bir sıra rayonların mərkəzi xəstəxanasında ixtisaslaşdırılmış koronavirusla mübarizə ilə bağlı ayrıca şöbələr yaradıldı və həmin şöbələr ixtisaslı həkimlərlə təmin edildi. Buraya Şəmkir Xəstəxanasının, Gəncədə bir neçə xəstəxananın və demək olar ki, əksər rayonların mərkəzi xəstəxanaları yenidən qurularaq koronavirusa qarşı mübarizə sahəsində fəaliyyət göstərən mərkəzlərə çevrildi. Bundan başqa Bakı şəhərində sırf Covid-19-un müalicəsi ilə məşğul olan ixtisaslaşdırılmış, çoxfunksiyalı xəstəxanalar açılmağa başladı. Fövqəladə Hallar Nazirliyinin xətti ilə də xüsusi kompozit materiallardan hazırlanmış xəstəxanalar açıldı. Sonra isə əhalinin vaksinasiya prosesi başlanıldı. Peyvəndləmə prosesi əvvəllər Çindən alınan peyvənd maddələri ilə həyata keçirilirdi. Lakin sonradan Azərbaycan Avropadan, Almaniyadan daha mükəmməl, təsirli peyvənd olan “Pfizer” adlı peyvənddən istifadə etdi. Hal-hazırda Azərbaycanda əhalinin çox böyük hissəsi koronavirusa qarşı peyvəndlə bağlı 2 doza vaksinasiya olunub. Demək olar ki, əhalinin bir çoxunda immunitet sisteminin formalaşdırılması üçün lazım olan şərtlər həyata keçirilir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə