“Üçüncü dozanın vurulmasına böyük ehtiyac var” - DEPUTAT ŞƏRH ETDİ

“İlk növbədə onu qeyd edək ki, son zamanlar korinavirusa yoluxanların sayında yenə artım müşahidə olunur. Artıq 2200-ü keçib və çox təəssüflər olsun ki, həyatını itirənlərin də sayı günbəgün artır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu sayın belə artması gözlənilən idi: “Bilirsiniz ki, həm yumşalmalara gedildi, digər tərəfdən də payız fəslidir, respirator xəstəliklərin artma ehtimalı çoxdur. Yəni, bunları nəzərə alsaq, belə bir artımın olmasını proqnozlaşdırırdıq. Bundan isə yeganə çıxış yolu Operativ Qərargahın tövsiyələri ilə yanaşı qapalı yerlərdə maska taxılması, gigiyenik qaydalara riayət olunması, kütləvi yerlərdə toplaşmamaqdır. Belə qaydalarla yanaşı ən birincisi vaksinasiya olunmaqdır. Vaksinasiya prosesi də bizdə çox yaxşı gedir. Artıq 50 faizi keçib, hətta 3-cü dozanın da vurulması məsləhət görülür".

O, sözlərinə belə davam edib: “Yəni, hal-hazırda bizim yeganə çıxış yolumuz yalnız və yalnız vaksinasiyadan keçir. Elə ölkələr var ki, onlar vaksin əldə edilməsində belə acizdirlər. Lakin bizim dövlətimiz, xüsusilə də dövlət başçımızın səyi, görülən qabaqlayıcı tədbirlər və ən keyfiyyətli vaksinlərin Azərbaycana gətirilməsi nəticəsində bugün biz heç bir problemlə üzləşmirik. Yəni, insanlar sərbəst şəkildə vaksinləri qəbul edə bilirlər. Ona görə də istər kütləvi informasiya vasitələri, istər televiziya vasitəsilə yəni, istənilən saytlarda bu təbliğatın aparılmasına böyük bir ehtiyac var”.

“Bilirsiniz ki, ilk dəfə bu peyvəndlər vurulanda, yəni, 1-ci doza vurulanda insanlarda vaksinə qarşı biraz şübhə var idi. Ona görə də sürət biraz az idi. Amma təbliğat işləri aparıldıqdan və insanlar həqiqətən bunun müsbət nəticəsini gördükdən sonra doğrudan da hər iki dozanı qəbul edən insanların ya xəstəliyə tutulmaması və yaxud da tutularsa belə onu çox yüngül simptomatik formada keçirdiklərini müşahidə etdik. Əgər statistik məlumatları da araşdırmış olsaq görərik ki, bugün həyatını itirmiş insanların böyük bir əksəriyyəti məhz vaksindən imtina edən şəxslərdir. Yəni, bütün bunlar hamısı göz qabağındadır”.

“Mən güman edirəm ki, bundan sonra da insanlarımız vaksin vurulmasına daha fəal qoşulacaq və bilirsiniz ki, indi 13-15 yaş arasında olan uşaqlara da yalnız valideynlərin hər ikisinin icazəsi olmaq şərtilə vaksin vurula bilər. Yəni, yeganə çıxış yolumuz, xəstəlikdən qurtulmaq yolumuz vaksindədir. Ona görə də bugün biz əgər normal həyat tərzi keçirmək, əvvəlki həyat tərzimizə qayıtmaq və cəmiyyətimizin sağlam olmağını istəyiriksə hər birimizin vaksin olunmasına, artıq 3-cü dozanın vurulmasına böyük ehtiyac var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə