"İstənilən fiziki cəhətdən sağlam insan, xüsusilə 18-65 yaş aralığında olan şəxslər qan donoru ola bilərlər. Əsas şərtlərdən biri çəkisinin minimum 50 kiloqram və ya ondan yuxarı olmasıdır".
Bu sözləri SİA-ya açıqlamasında hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, donorluqdan əvvəl şəxs sağlam olmalıdır. Əgər yaxın zamanda hər hansı infeksion xəstəlik keçiribsə, hazırda infeksiyası varsa və ya xroniki xəstəlikdən əziyyət çəkirsə, donor olması tövsiyə edilmir: "Xüsusilə hepatit B, hepatit C, HİV, şəkərli diabet, ağır hipertonik xəstəlik (yüksək təzyiq) və digər ciddi xroniki və infeksion xəstəliklər donorluq üçün əks göstərişdir.
Son altı ay ərzində tatu və ya pirsinq etdirmiş, yaxud böyük cərrahi əməliyyat keçirmiş şəxslər də müvəqqəti olaraq donor ola bilməzlər.
Eyni zamanda, tropik ölkələrə səfər etmiş şəxslər müəyyən müddət gözləməlidirlər. Çünki həmin bölgələrdə malyariya, Zika virusu və digər spesifik infeksiyalar mövcuddur və bu risk nəzərə alınır.
Hamiləlik dövründə olan qadınlar, həmçinin yeni doğuş etmiş və süd verən analar da müvəqqəti olaraq donor ola bilməzlər. Çünki bu dövrdə orqanizmdə qanazlığı riski daha yüksək olur. Digər hallarda, 18 yaşdan yuxarı sağlam hər bir şəxs, cinsindən asılı olmayaraq, donor ola bilər. Kişilər fizioloji baxımdan bir qədər daha tez-tez qan verə bilsələr də, ümumilikdə sağlam şəxslər tibbi interval qaydalarına riayət etməklə ildə 3-4 dəfə qan donoru ola bilərlər.
Qan donorluğu həm ehtiyacı olan insanlar üçün həyati əhəmiyyət daşıyır, həm də cəmiyyət üçün böyük sosial məsuliyyətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB