"Biz internet əsrində yaşayırıq, yəni hər bir şey – geyimlər, kombinasiyalar, nəyin necə geyinilməsi lazım olduğu – sosial şəbəkələrdə açıq şəkildə göstərilir. Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.
Onun sözlərinə görə, gənclərimiz də bu imkanlardan çox gözəl istifadə edir: "Ətrafıma baxanda görürəm ki, onlar dəbi yaxından izləyirlər. Bu ilin və mövsümün nələrin dəbdə olduğunu, hansı kombinlərin aktual olduğunu diqqətlə öyrənirlər. Demək olar ki, gənclərimiz dəblə geyinməkdə çətinlik çəkmir və trendlərə ayaqlaşa bilirlər. Amma bununla yanaşı, rahatçılıq məsələsi də xüsusi önəm daşıyır. Çünki rahatlıq hər kəs üçün, xüsusən də cavanlar üçün olduqca vacibdir. Rahat geyimlər dedikdə daha çox sport üslubunda paltarlar, bədənə boş ölçülü geyimlər nəzərdə tutulur. Bəzən görürəm ki, gənclərimiz sportla klassikanı birləşdirərək özlərinə yeni tərz yaradırlar. Bu yanaşma həm də onların dəbli görünmək istəyini, həm də fərdi üslub yaratmaq bacarığını göstərir.
Son dövrlərdə isə daha çox diqqətimi çəkən bir məqam var. Gənclərimiz artıq brend anlayışına deyil, rahatlığa üstünlük verirlər. Bu isə məni sevindirir. Çünki dəbli görünmək üçün mütləq brend geyimlərə sahib olmaq lazım deyil. Bəzən daha sadə və ucuz geyimləri düzgün kombinə edərək həm rahatlıq, həm də dəbli görünüş yaratmaq mümkündür. Gənclərimiz də artıq buna daha çox meyl göstərir, bu da onların zövqlərinin formalaşdığını və dəbə yanaşmalarının dəyişdiyini göstərir.
Ümumilikdə, bu gün gənclərin dəbi izləməsi, eyni zamanda öz rahatlıqlarını da qoruması, onların həm zövqlü, həm də praktik həyat tərzinə üstünlük verdiklərini göstərir. Bu da müasir gəncliyin fərqli yanaşma və yaradıcı üslubla öndə olduğunu sübut edir".
Bütün xəbərlər Facebook səhifəmizdə