Bu gün Azərbaycanın orta məktəblərində buraxılış imtahanları keçiriləcək

Bu gün və sabah Bakı şəhərində Azərbaycan və rus bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirəcək. İyunun 2-də saat 11:00-da XI, iyunun 3-də saat 11:00-da isə IX sinif şagirdləri imtahan verəcəklər.


Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.


İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.


Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin iyunun 2-də buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahan Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqədi rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada aparılacaq.


TQDK xəbərdarlıq edib ki, buraxılış imtahanı aparılan binaya giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunaraq onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə