“Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” - elmi konfrans - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) 105 və Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda respublika elmi konfransı işə başlayıb. BDU-dan SİA-ya bildirilib ki, açılış mərasimində çıxış edən rektor Elçin Babayev Azərbaycanın qlobal iqlim böhranı ilə mübarizə və yaşıl iqtisadiyyata keçid məsələlərində fəal mövqe tutmasından danışıb. Rektor COP29-da qəbul edilən qərarların ölkəmizin böyük uğuru olduğunu vurğulayıb.

E.Babayev diqqətə çatdırıb ki, son illərdə BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində elmi-tədqiqat işləri genişlənir, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. Universitet ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadr potensialını və infrastrukturunu daim inkişaf etdirir. Ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması məqsədilə bu il Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Habelə BDU-nun “Ekoməkan”ı innovativ metodlarla yaşıl enerji və yaşıl qida istehsalı yollarının tələbələrə öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Rektor qeyd edib ki, 20 illiyi qeyd edilən Ekoloji kimya kafedrasında korroziyaya davamlı yeni üzvi birləşmələrin sintezi, tullantı sularının təmizlənməsinin yeni üsulları, bir sıra ağır metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib- hazırlanması üzrə geniş tədqiqat işləri aparılır.

Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxışında konfransa 30-dan çox təşkilatdan 206 elmi məqalə daxil olduğunu, onlardan 178-nin dərc ediləcəyini bildirib.

Daha sonra Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva kafedranın tarixi, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələrindən bəhs edib. O bildirib ki, Azərbaycanda ekoloji kimyanın təməlini akademik Rəfiqə xanım Əliyeva qoyub. Ekoloji kimya kafedrası 2004-cü ildə Kimya fakültəsinin nəzdində akademik Rəfiqə Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2011-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə həmin fakültənin nəzdində fəaliyyət göstərməyə başlayıb. Kafedra Azərbaycan və dünyanın müxtəlif ölkələri üçün peşəkar kadrlar hazırlayıb, 26 nəfər fəlsəfə doktoru, 7 nəfər elmlər doktoru elmi dərəcəsi qazanıb. Fəaliyyəti dövründə kafedra əməkdaşları 23 patent alıb, 7 qrant layihəsinin qalibi olublar. Bildirilib ki, hazırda kafedra əməkdaşları əsasən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında ətraf mühitin vəziyyətinin ekoloji, kimyəvi tədqiqi üzərində çalışırlar.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova, Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayev, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov çıxışlarında Ekoloji kimya kafedrasının yubileyini təbrik edib, ölkəmizdə ekologiyanın qorunması, ekoloji savadlılıq, yaşıl təhsil istiqamətində mühüm fəaliyyətində uğurlar arzulayıblar.

Konfrans işini 9 bölmə iclasında bu gün və sabah davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə