İşğaldan azad edilmiş ərazilərin iqtisadi vəziyyəti necədir? - İQTİSADÇI ŞƏRH ETDİ

"İşğaldan azad olmuş ərazilərimizdə son iki ilə yaxın müddətdə inkişafın müsbət istiqamətlərinin olmasını əminliklə qeyd edə bilərik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət kapital qoyuluşları da ilbəil dövlət büdcəsində əks olunur: "Bununla yanaşı texnologiyalar sürətlə idxal edilir. Yüksək texnoloji tutumlu sahələr inkişaf etdirilir. Düşünürəm ki, yaxın müddətli prespektivdə özəl daxili investisiyalar da Qarabağda inkişaf etdiriləcək. Bununla yanaşı şübhəsiz ki, əsas ilkin mərhələdə məsələlər infrastruktur təminatı ilə bağlıdır. Bütövlükdə infrastruktur təminatı lazımı səviyyədə olmalıdır ki, işgüzar biznes fəaliyyəti üçün həmin bölgədə müvafiq baza yaradılsın və investorlar intensiv şəkildə işğaldan azad edilmiş bölgələrimizə üz tutsun. Sosial iqtisadi inkişaf həm də bütövlükdə ölkə iqtisadiyyatı üçün təsirini göstərəcək. Unutmaq olmaz ki, ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin inkişafına verdiyi önəm onu deməyə əsas verir ki, yaxın illərdə həmin bölgədə sürətli sosial-iqtisadi inkişafın təmin edilməsinin şahidi olacağıq".

İqtisadçı sözlərinə əlavə edərək bildirib ki, ilbəil həm dövlət kapital qoyuluşlarında, həm özəl investisiyalarda, həm də texnologiyaların idxalında işğaldan azad edilmiş ərazilərdə artım trendləri müşahidə ediləcək: "Bu investisiyaların artımı hesabına biz işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafının şahidi olacağıq. Sözsüz ki, ölkə Prezidentinin qeyd etdiyi kimi həmin bölgədəki sosial-iqtisadi inkişaf və sosial-iqtisadi idarəetmə modeli tədricən ölkəmizin digər bölgələrinə də yayılacaq ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyəti sürətlə artacaq, digər tərəfdən ölkədə sosial müdafiə sisteminin son illər ərzində hiss edilən müsbət istiqamətləri ardıcıl və dayanıqlı şəkildə davam etdiriləcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə