Kirayə mənzillərin qiymətində azalma gözlənilsə də... - İQTİSADÇI ŞƏRH ETDİ

"Bu il qiymətlərin enməsini gözləmək xeyli dərəcədə çətindir. Çünki hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin qiymətinin bahalaşmasını məqsədəuyğun edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, istehlak bazarında qiymətlər kəskin şəkildə artmaqdadır: "Doğrudur, payız fəslinə nisbətən yazda kirayə mənzillərin qiymətinin aşağı düşməsi gözlənilən idi. Lakin hazırkı şəraitdə həm dünya miqyasında, həm də ölkə miqyasında inflyasiya meyilləri o qədər sürətlənib ki, qiymətlərin hansısa seqment üzrə azalması mümkün deyil. Yəni, mövsümi amil qiymətlərə o qədər də təsir etmədi".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, əməkhaqqı Fondunda artımın olması da qiymətlərin artmasına müəyyən qədər şərait yaradır: "Yalnız pul kütləsinin artımı investisiyalara çevrildikdə inflyasiyaya mənfi təsir göstərməz. Amma pul kütləsi artır, investisiyalar isə azalır. Belə olan halda bazarın kirayə mənzillər hissəsində qiymətlərin enməsini gözləmək sadəcə sadəlövhlük olar".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə