Aİ Azərbaycanla iqtisadi əlaqələrini davamlı və dayanıqlı şəkildə qurub - İQTİSADÇI ŞƏRH ETDİ

"Azərbaycan üçün Avropa İttifaqı (Aİ) ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilk növbədə ölkəmizə texnologiyanın idxalı nöqteyi-nəzərdən vacibdir. Belə ki Aİ texnoloji inkişaf baxımından kifayət qədər mütərəqqi sistemə malikdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizin iri həcmdə olan suveren qızıl valyuta ehtiyatları üçün həmin texnologiyaların idxalı nəticəsində böyük imkanlar yaranmış olur: "Bu imkanlardan istifadə edərək biz iqtisadiyyatımızın texnoloji tutumlu istiqamətlərinin inkişafına nail olmalıyıq. Bununla yanaşı enerji sahəsində əməkdaşlıq ölkəmizə valyuta axınlarının təmin edilməsinə şərait yaradır".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, hazırkı rəqəmlərə və son illərin göstəricilərinə görə Aİ Azərbaycanla əlaqələrini kifayət qədər davamlı və dayanıqlı şəkildə qurmaqdadır: "Eyni zamanda, faktiki olaraq son illərin göstəricilərinə əsasən Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ona görə də zənnimcə, texnologiya idxalı, enerji sahəsində əməkdaşlıqla şərtləndirilən irihəcmli valyuta axınları Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın bünövrəsini təşkil etməkdədir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə