Rusiyada turizm sektoru problemlərlə üz-üzə qalacaq - İQTİSADÇI AÇIQLADI

"Zənnimcə, Rusiyanın Ümumdünya Turizm Təşkilatından kənarlaşdırılması bu təşkilatın növbəti qloballaşma institutu kimi mövqeləşməsini bir daha təsdiq edir. Qloballaşmaya bağlı olan institutlarda isə qərarlar Qərb ölkələrinin diktəsi ilə qəbul edilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu, bir tərəfdən rəmzidir: "Çünki hazırda faktiki olaraq qloballaşmaya xidmət göstərən qurumlar çox ciddi tənəzzüllə üz-üzə qalıb. Bu da dünya qloballaşma sisteminin iflasa yaxınlaşması ilə bağlıdır. Belə ki, bu qurumların qəbul etdiyi qərarlar artıq öz effektivliyini göstərmir. Digər tərəfdən isə həmin institutların defektivliyinin itirilməsinin göstəricisidir". İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, konkret olaraq Ümumdünya Turizm Təşkilatının Rusiyanı kənarlaşdırmaqla bağlı qərarının onun turizm bazarında hansısa prosesə və ya qərara böyük təsirinin olmamasıyla əlaqəli olduğunu söyləmək olar: "Doğrudur, Rusiyada turizm sənayesi müəyyən problemlərlə üz-üzə qalacaq. Amma bu, Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi qərarla bağlı deyil. Bu faktiki olaraq Rusiyaya qarşı olan ölkələrin siyasəti və ritorikası ilə əlaqədardır. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın xarici turizmdən heç bir asılılığı yoxdur. Onsuz da qloballaşmanın iflasa yaxınlaşması beynəlxalq turist axınlarının kəskin şəkildə azalacağını şərtləndirir. Ona görə də hesab edirəm ki, beynəlxalq turizm industriyası Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi qərarlarla deyil, real olaraq iqtisadiyyatda baş verən proseslərlə bağlı öz tənəzzülünü yaşamaqdadır.
Rusiya iqtisadiyyatının ənənəvi olaraq resurs bazası, hərbi sənaye kompleksi kimi digər güclü tərəfləri var. Amma Rusiya iqtisadiyyatında turizm industriyası da xüsusi paya malikdir. Yenə də Ümumdünya Turizm Təşkilatının qəbul etdiyi qərarın bu paya böyük təsiri olmayacağını düşünürəm. Çünki ənənəvi olaraq Rusiyaya üz tutan turistlərin strukturuna nəzər salsaq, burada Qərb ölkələrinin o qədər də kritik paya malik olmadığını görərik".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə