Dünya iqtisadiyyatı kibertəhdidlərə qarşı hansı tədbirlər həyata keçirir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Dünya iqtisadiyyatı elektron informasiya texnologiyalarına keçdikcə kibertəhdidlər kimi təhlükələr və risklər mövcud olacaq. Xüsusilə pandemiyadan sonrakı dövrdə bir çox satış platformaları biznesə yenilik gətirməyə başladı. Daha öncə hansısa toplantıya uzun yollar qət etməli olduğumuz halda, bugünkü gündə komputerin qarşısında oturaraq müxtəlif proqram təminatları vasitəsilə öz işlərimizi görə bilirik". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov deyib.

Onun sözlərinə görə, pandemiya müddətində bir çox xidmətlərin elektronlaşması prosesi də həyata keçdi: "Məlumatın qorunub saxlanılması ilə bağlı kibertəhlükəsizlik səviyyəsində İSO/İEC 20000-1:2018, İSO/İEC 27001:2018 kimi beynəlxalq standartlar mövcuddur. Sahibkarlıq subyektlərində bu standartların tətbiqi həyata keçirilir. Bu standartları tətbiq etdikdə müəssisədə elektron sənəd dövriyyəsinin istər fiziki, istər kibertəhlükəsizlik istiqamətində müxtəlif metodologiyalar hazırlanır və əməkdaşlar bu istiqamətdə təlimləndirilir. Bununla da belə hallar baş verdikdə hansı fəaliyyətləri həyata keçirmək barədə məlumatlı olurlar".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, bundan başqa proseslərin qiymətləndirilməsi həyata keçirilir: "Mövcud olan risk və fürsətlər təhlil olunur. Daxili və xarici faktorlar, güclü və zəif tərəflər araşdırılır. Bununla bağlı idarəetmə vasitələri hazırlanır. Yəni, dünya praktikasında bu istiqamətdə beynəlxalq standartların tətbiqi həyata keçirilir. Azərbaycanda da artıq bu proseslər üzrə işlər gedir. Xüsusilə məlumatların qorunub saxlanılması zəruri olan dövlət qurumlarında bu məsələyə diqqət yetirilir. Ümumiyyətlə, bu məsələyə ciddi nəzarət edilməlidir. Çünki gələcəkdə bütün biznes platformaları süni intellekt erasına qədəm qoyduqca bu tipli təhdidlərin qarşısının alınması zərurəti yaranacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə