Məsələnin həllinə nail olmaq mümkün olmayacaq - İQTİSADÇI AÇIQLADI

"Hesab edirəm ki, istilik təchizat sisteminin təşkili ilə bağlı ölkədə həqiqətən geniş formatlı tədbirlərin reallaşdırılmasına ehtiyac var. Ötən əsrin 90-cı illərində bu istiqamətdə olan problemlər və boşluqlar hələ də öz fəsadlarını göstərməkdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, həmin illərdə istilik təchizatı infrastrukturunun tam şəkildə deqradasiyaya məruz qalması bu məsələlərin insanların öz öhdəsinə buraxılmasına səbəb oldu: "Hər kəs bacardığı şəkildə istilik təchizatı ilə bağlı problemləri həll etməyə başladı. Şübhəsiz ki, bu, yolverilməz bir haldır".

İqtisadçı sözlərinə davam edərək həmçinin qeyd edib ki, son illərdə ölkədə bu istiqamətlərdə müəyyən işlərin görülməsinə başlansa da, yenə də təşkilatçılıq baxımından proseslər lazımi səviyyəyə çatdırılmayıb: "Fikrimcə, bu problemin həlli müvafiq dövlət proqramının hazırlanması, onun icrası ilə bağlı aidiyyəti qurumların müəyyən edilməsi və məsuliyyət çərçivələrinin konkretləşdirilməsindən başlamalıdır. Əks halda pərakəndə olaraq özəl sektor tərəfindən heç vaxt kompleksli şəkildə məsələnin həllinə nail olmaq mümkün olmayacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə