Qarlı hava kənd təsərrüfatına NECƏ TƏSİR GÖSTƏRİR? - İQTİSADÇI ŞƏRH ETDİ

“Hazırda müasir texnologiyalara əsaslanaraq kənd təsərrüfarında hava şəraitinin təsirinin maksimum şəkildə azaldılmasına nail olmaq mümkündür. Mən hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mütləq şəkildə innovativ yanaşmalara getmək, müasir texnologiyalardan istifadə edərək havanın kənd təsərrüfatına təsirini minimuma çatdırmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün ən soyuq şimal ölkələrində biotexnologiyalardan, hüceyrə texnologiyalarından istifadə edilərək kifayət qədər ciddi şəkildə kənd təsərrüfatının inkişafında müsbət dəyişikliklərə nail olunub: “Şübhəsiz ki, hazırki elmi-texniki tərəqqinin inkişafı səviyyəsi ilə hava şəraitindən asılı olaraq istehsalın, məhsulun korlanmasına yol vermək heç bir halda başa düşülən deyil. Bu yolverilməzdir”.

İqtisadçı sözlərinə belə davam edib: “Düşünürəm ki, Azərbaycanda kənd təsərrüfatı sektorunda innovativ yanaşmaların hazırkindən dəfələrlə daha effektiv şəkildə tətbiqi mümkündür. Bunun üçün də aiddiyyatı dövlət qurumlarının fəaliyyətində ciddi və müsbət dəyişikliklərə ehtiyac var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə