Ərzaq məhsullarına dünya bazarında tələb artır - İQTİSADÇI ŞƏRH ETDİ

"Azərbaycan ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşmasına xüsusi önəm verən ölkələrdəndir. Nəzərə alsaq ki, ərzaq təhlükəsizliyi və xüsusən də ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi, xüsusi yığımların formalaşdırılması anlamına gəlir. Bu istiqamətdə də xüsusən Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında hökumət tərəfindən xüsusi strategiya hazırlanaraq icra olunub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2022 və 2026-cı illər əhatə edəcək yeni strategiyada isə ərzaq təhlükəsizliyinin formalaşması, yerli istehsalın artırılması əsas prioritetlər sırasındadır: "Bu baxımdan ərzaq təhlükəsizliyi və eləcə də ərzaq təminatı xüsusən də pandemiya dövründə daha da aktuallaşıb. Nəzərə alsaq ki, 2021-ci ildə dünya bazarında ərzaq məhsullarının qiymətləri təxminən 38 faiz yüksəlib. Bu bütövlükdə son onillikdə ən yüksək qiymət artımı kimi xarakterizə olunur"

Vüqar Bayramov sözlərinə belə davam edib: "Eyni zamanda, digər tərəfdən isə ərzaq məhsullarına dünya bazarında tələb artır. Təklifin azalması fonunda tələbin artması nəticədə qiymətlərə təsir göstərir və qiymət artımları müşahidə olunur. Bu da təbii ki, qlobal olaraq ərzaq təminatı və təhlükəsizliyi məsələsini daha da gündəmə gətirib. Bu baxımdan da Azərbaycan dünya bazarında təklifin azalması fonunda daha çox yerli istehsal əsasında ərzaq təhlükəsizliyinin formalaşmasını prioritetləşdirib. İşğaldan azad olunmuş ərazilərimizin Torpaq Fondu və həmin torpaqların məhsuldar olması nəticədə imkan verir ki, ərzaq təhlükəsizliyi formalaşsın. Həm də həmin ərazilərimizdə yeni istehsalın, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi hesabına daha intensiv şəkildə nail olmaq mümkün olsun. Xüsusən qiymətləndirmələr onu göstərir ki, həmin ərazilərimizdə yenidənqurma işlərinin bərpa edilməsi illik olaraq 1 milyard manatlıq əkinçilik məhsullarının istehsalına gətirib çıxara bilər. Bu da təbii ki, ərzaq təhlükəsizliyinin formalaşması baxımından vacib istiqamətlərdəndir. Bu baxımdan növbəti illərdə də ərzaq təhlükəsizliyinin formalaşması Azərbaycan üçün prioritetliyini qoruyub saxlayacaq və biz daha çox istehlakın, tələbin yerli istehsal hesabına ödənilməsini müşahidə edəcəyik ki, bu da təbii ki, idxaldan asılılığın aradan qaldırılması baxımından vacib hesab olunur"

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə