Turizm neftdən sonra ikinci ən çox valyuta gətirən böyük bir sahədir -TURİZM EKSPERTİ MÖVQE BİLDİRDİ

"Bu gün cənab Prezidentin yubileyidir. Həm də bu, hörmətli Prezidentin hakimiyyətdə qeyd etdiyi 18-ci doğum günüdür. Bu illər ərzində biz qəti şəkildə deyə bilərik ki, Azərbaycan iqtisadiyyatında fərqli mərhələlərə qədəm qoyulub". Bunu SİA-ya açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.

Ekspert qeyd edib ki, xüsusən turizm barədə danışsaq, turizm artıq prioritet sahəyə çevrilmişdir. Turizm ölkəyə neftdən sonra ikinci ən çox valyuta gətirən böyük bir sahədir. Bu dövrlər ərzində mərhələli şəkildə turizmin inkişafına dair proqramlar həyata keçirilmişdir. Eyni zamanda 2016-cı ildə məlum olduğu kimi ixtisaslaşmış turizmlə bağlı strateji yol xəritəsi hazırlandı. Bu çox böyük strateji xəritə idi. Burada əks olunmuş hədəflər kifayət qədər aydın ifadə olunmuşdu.

Ceyhun Aşurov bu bardə fikirlərini belə izah edib: "Buradakı uzunmüddətli hədəf isə təbii ki, Azərbaycanın turizm destinasiyası kimi 20 ən populyar turizm məkanının daxil olduğu reytinq cədvəlinə düşməsi götürülürdü. Dünyada məlum olduğu kimi pandemiya səbəbi ilə ciddi şəkildə iqtisadi böhranlar yaşandı. Dünyada qapanmalar səbəbi ilə turizm sahəsi donmuş vəziyyətə düşdü. Lakin biz qürurla onu deyə bilərik ki, bəlkə də, 2020-ci il pandemiya olmağına baxmayaraq Azərbaycan üçün ən dəyərli, möhtəşəm, yadda qalan il oldu. Biz indiyə qədər görmədiyimiz dünya azərbaycanlılarının əsl həmrəyliynin şahidi olduq. Müzəffər Ali Baş Komandanın öndərliyi ilə ordumuz qələbə çaldı. Çoxdan bəri işğal altında olan ərazilərimiz azad edildi. 44 günlük çox qısa, ancaq intensiv, çox taktiki, strateji döyüş nəticəsində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi və bütün dünya azərbaycanlılarının həmrəyliyi sayəsində yüksək səviyyədə dünyaya fərqli döyüş nümunəsi göstərərk öz torpaqlarını azad etdi. Sözsüz ki, bu gələcəkdə Azərbaycan iqtisadiyyatının bütövləşməsi, Azərbaycan turizm marşurutlarının bütövləşməsi deməkdir ki, tam təhlükəsizlik təmin olunduqdan sonra Azərbaycanın işğaldan azad edilmiş əraziləri də turizmə öz qatqısını verəcək. Orada böyük infrastruktur layihələri yekunlaşdıqdan sonra turizmdə ciddi şəkildə dinamizm yaranacaq. Hazırda məlum olduğu kimi, orada intensiv işlər gedir. Həm təhlükəsizlik, həm təmizləmə, eyni zamanda quruculuq işləri gedir. Demək olar ki, düşmən tərəfindən darmadağın edilmiş daş üstə daş qalmayan həmin ərazilər yeni bir canlanmanın şahidi olur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə