"Taxılla bağlı olan məsələlər ərzaq təhlükəsizliyinə təsir göstərir" - İQTİSADÇI ŞƏRH ETDİ

"Azərbaycanda Dövlət Taxıl Fondunun dövlət ehtiyatlarının agentliyin tabeliyinə verilməsi, bu istiqamətdə müvafiq islahatların aparılması düşünürəm ki, ilk növbədə dünya iqtisadiyyatındakı yüksək qeyri-müəyyənlik dalğaları ilə bağlıdır. Bu regiona təsirlərini göstərir. Biz görürük ki, bir çox hallarda logistika, təminatla bağlı regional və dünya müstəvisində iqtisadi problemlər yaranmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, belə olan halda daxili bazarda sabitliyin qorunması, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atılmalıdır: "Düşünürəm ki, məhz qəbul olunmuş inssusional qərar ona istiqamətlənib ki, Azərbaycanda taxıl təminatı ilə bağlı problemlər yaranmasın. Bu istiqamətdə atılmış addımlar, siyasət düşünürəm ki, adekvat yanaşmanın təzahürüdür".

O, sözlərinə belə davam edib: "Hazırki şəraitdə daxili bazarda sabitliyin təmin olunması logistik təminatın müvafiq formatda reallaşdırılması olduqca mühümdür ki, daşınmalarda, logistikada yarana biləcək problemlər ölkənin daxili və xüsusilə istehlak bazarına öz mənfi təsirlərini göstərməsin. Ona görə də sabit şəkildə taxıl ehtiyatları ölkədə təmin olunmalıdır və bu da daxili bazarın xeyli dərəcədə sabitləşdirici amili kimi çıxış etməlidir. Çünki, taxılla bağlı olan məsələlər sözsüz ki, ərzaq təhlükəsizliyinə bilavasitə təsir göstərir və ona görə də hesab edirəm ki, burada qeyri-sabitlik şübhəsiz ki, bütövlükdə ölkənin daxili bazarına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Bu mənfi təsir kifayət qədər güclü ola bilər. Ona görə də bu tip qərarların qəbul olunması adekvat yanaşmanın göstəricisidir və ölkədə taxıl ehtiyatlarının sabit şəkildə qorunması ölkə iqtisadiyyatının idarəetməsi nöqteyi-nəzərdən prioritet məsələlərdən biri kimi qəbul edilməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə