“Viza rejiminin ləğv edilməsi ciddi iqtisadi təkana səbəb olmayacaq” - İQTİSADÇI AÇIQLADI

“Azərbaycanla Serbiya arasında viza rejiminin ləğv edilməsi hansısa ciddi iqtisadi təkana səbəb olmayacaq. Çünki Serbiya Avropa Birliyinə daxil deyil. Serbiya hər hansı bir inteqrasiya strukturlarında iştirak etmir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, lakin Serbiya Avropanın mərkəzində yerləşən bir dövlətdir, kifayət qədər şaxələndirilmiş iqtisadiyyata malikdir: “Digər tərəfdən Serbiyanın məhz yüksək texnoloji sektorunun inkişaf etməsi və burada müsbət ənənələrin mövcudluğu Azərbaycan təsərrüfat və iqtisadi subyektləri ilə Serbiya iqtisadi və təsərrüfat subyektləri arasında texnoloji korporasiyanın inkişaf etməsinə müəyyən qədər təsir göstərə bilər. Bu istiqamətlərdə inkişafın təmin edilməsi nöqteyi-nəzərdən qarşılıqlı işgüzar səfərlərin reallaşdırılması, iqtisadi münasibətlərin təkmilləşdirilməsi müəyyən qədər mümkündür”.

Elşad Məmmədov sözlərinə belə davam edib: “Eyni zamanda, iqtisadi böhran səngidikcə müəyyən seqmentlər üzrə turist axınlarında da müsbət tendensiyalar əldə oluna bilər. Ona görə də bütövlükdə bu addımı müsbət qarşılamaq lazımdır”.

“Həmçinin, unutmaq lazım deyil ki, viza rejiminin ləğvi ilə bağlı qəbul edilmiş istənilən ölkəyə aid qərarlar son nəticədə həm iqtisadi, həm də sosial, humanitar əməkdaşlığa müsbət təsir göstərə bilər. Çünki, burada ən mühüm məqamlardan biri də məhz humanitar əməkdaşlıqdır və humanitar əməkdaşlığın inkişaf etməsində viza rejiminin aradan qaldırılması olduqca mühüm amil kimi çıxış edir. Bura həm təhsil sferası üzrə əməkdaşlıq, həm elmi mübadilə, səhiyyə sferası, həm də əczaçılıq sənayesi daxil oluna bilər. Çünki Serbiyanın bu istiqamətlərdə kifayət qədər müsbət təcrübəsi var və ona görə də bütövlükdə bu qərarı müsbət dəyərləndirmək olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...