Həftə içi rayonlarda otel və istirahət mərkəzləri niyə boş olur? - DEPUTAT AÇIQLADI

"Azərbaycan rayonlarında turizm daha çox yay mövsümündə, eyni zamanda son illər qış və xüsusən qar yağdığı günlərdə daha çox cəlbedici olur. Nəzərə alsaq ki, yay mövsümü başa çatdıqdan sonra adətən həftə içi yəni, iş günləri rayona gedənlərin sayında azalmalar müşahidə olunur. Daxili turizm daha çox həftəsonu və eləcə də bayram günlərində müşahidə edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, xüsusən məzuniyyət və yay mövsümü başa çatdığı üçün təbii ki, iş günlərində rayona gedənlərin sayı azalır: "Bu da otellərə tələbi azaldır. Əslində daha məqsədəuyğundur ki, bölgələrdə yerləşən otellər fasiləsiz turizm xidmətindən istifadə etməyə çalışsınlar. Yalnız yay mövsümündə deyil, digər mövsümlərdə də həm müalicəvi turizm, həm də tarixi turizm tədbirlərinin həyata keçirilməsi kimi xidmətlərin göstərilməsi məqsədəuyğun olardı. Çünki, bu nəticə etibarilə imkan verərdi ki, iş günləri yəni həftə içi də turizm obyektlərinə, otellərə tələb yüksəlsin. Ona görə də fasiləsiz turizm xidmətlərinin təklif edilməsi ara günləri, yəni, həftə içi günləri bölgələrdə yerləşən otellərdə tələbin artmasına və həmin otellərin məhz iş günləri və eləcə də həftə içi günlərdə də həmin otellərdə müştərilərin qalmasına və bütövlükdə turizm xidmətlərindən istifadə etməsinə imkan yarada bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə