"Dövlət qurumlarının idarəçiliyindəki problemlər öz sözünü deyir" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

“Yanacağın qiymətinin artırılması Azərbaycanda inflyasiyanın idxalı nəticəsində baş verib. Təəssüf ki, biz ölkəmizdə həmin neft məhsullarının istehsalını reallaşdıra və formalaşdıra bilmədik. Nəticədə də həmin məhsulları idxal edirik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, dünyada da inflyasiya sürətlə artmaqdadır: “Dünya bazarından idxal etdiyimiz məhsulların isə günbəgün qiymətləri artır. Bu da Azərbaycanın daxili bazarına öz mənfi təsirini göstərir. Digər tərəfdən Azərbaycanda təbii inhisar təşkil edən dövlət qurumlarının idarəçiliyindəki problemlər öz sözünü deyir. Ölkə Prezidenti dəfələrlə həmin qurumlarla bağlı iradlarını bildirib. Lakin bu gün də görürük ki, həmin qurumların idarəetməsindəki problemlər yenə də Azərbaycanda son nəticədə istehlakçıların, əhalinin sosial vəziyyətinə öz təsirini göstərir”.

Elşad Məmmədov sözlərinə belə davam edib: “Hesab edirəm ki, ilk növbədə, ölkədə istehsal proseslərinin qurulmasına və təkmilləşdirilməsinə məhz bu qiymət artımı ilə mübarizə çərçivəsində diqqət yetirməliyik. Eyni zamanda, dövlət qurumlarının idarəçiliyindəki problemlər aradan qaldırılmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə