Yağıntıların yaratdığı risklər hansı bitkilərdə daha yüksəkdir? - AÇIQLANDI

Yağıntıların yaratdığı risklər hansı bitkilərdə daha yüksəkdir? - AÇIQLANDI

Həqiqətən, Qərb bölgəsində yağıntıların çoxalması məhsuldarlığa, həm məhsulun keyfiyyətinə, həm də kəmiyyətinə mənfi təsir göstərir. Bir neçə il quraqlıqdan sonra yağıntılı havaların müşahidə olunması kənd təsərrüfatı üçün müəyyən üstünlüklər yaratsa da, xüsusilə meyvə, tərəvəz və üzüm bitkilərinin açıq şəraitdə yetişdirildiyi, məhsulun yığıldığı və tədarük edildiyi intensiv dövrdə yağıntıların artması müəyyən problemlərə səbəb ola bilər.

Bu sözləri SİA-ya biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev deyib.

O bildirib ki, yağıntıların təsiri nəticəsində meyvə bitkilərində müxtəlif göbələk xəstəlikləri, üzümdə antraknoz və mildiyu, tərəvəz bitkilərində isə fitoftora kimi xəstəliklərin törədiciləri daha intensiv inkişaf edə bilər. Bu göbələklər, əsasən, rütubətli və havasız şəraitdə daha sürətlə yayılır:

“Digər tərəfdən, bəzi göbələk xəstəlikləri isti və quru hava şəraitində daha intensiv inkişaf edir. Məsələn, üzümdə mildiyu xəstəliyinin törədiciləri müəyyən iqlim şəraitində daha aktiv olur. Lakin hazırkı yağıntılı şəraitdə meyvə bitkilərində qeyd olunan xəstəliklərin törədicilərinin inkişafı və yayılması daha da güclənə bilər.

Bu proses həm məhsulun özünə, həm də bitkinin gələn il üçün formalaşacaq tumurcuq və zoğlarının yetişməsinə mənfi təsir göstərir. Xəstəliyə yoluxmuş bitkilərin növbəti il normal məhsul vermə ehtimalı da aşağı düşür.

Belə şəraitdə fermerlər xəstəliklərə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirməlidirlər. Xüsusilə yağıntı dayandıqdan və hava şəraiti imkan verdikdən sonra müvafiq preparatlardan istifadə olunması vacibdir. Kənd təsərrüfatında burada vaxt amili çox əhəmiyyətlidir. Yağış kəsdikdən sonra yaranan ilk əlverişli imkan dəyərləndirilməlidir. Əks halda, xəstəliyin inkişafının müəyyən mərhələsindən sonra həmin təsirli vaxtı bərpa etmək mümkün olmur.

Göydaş və Bordo məhlulu kimi vasitələr yağıntılı illərdə bu xəstəliklərə qarşı istifadə olunan ənənəvi preparatlardandır. Müasir dövrdə onların daha asan və effektiv tətbiq olunan alternativləri də mövcuddur. Fermerlər müvafiq preparatlardan düzgün və vaxtında istifadə etməlidirlər.

Burada çeviklik xüsusilə vacibdir. Yağış bir qədər kəsdikdə və müvafiq şərait yarandıqda xəstəliklərə qarşı mübarizə tədbirləri dərhal həyata keçirilməlidir.

Eyni zamanda, bitkilərin maksimum havalandırılması təmin olunmalıdır. Çünki xəstəlik törədiciləri və göbələklər sıx və havasız şəraitdə daha intensiv inkişaf edir. Meyvə və üzüm bağlarında, eləcə də digər əkin sahələrində yaşıl budama kimi aqrotexniki tədbirlər vaxtında aparılmalıdır ki, bitkilərdə havalanma normal şəkildə təmin olunsun.

Yağıntılar məhsulun yetişməsinə və məhsuldarlığa da təsir göstərə bilər. Xüsusilə məhsul yetişmə mərhələsindədirsə, artıq rütubət nəticəsində çürümə halları arta bilər. Bu isə həm cari məhsul itkisinə, həm də gələcək məhsuldarlığa mənfi təsir göstərə bilər.

Digər mühüm məsələ isə yağıntıların gələn ilin məhsuluna təsiridir. Bitkinin tumurcuqları və zoğları normal temperatur və iqlim şəraitində inkişaf etmədikdə onların tam yetişməsi mümkün olmaya bilər. Bu da növbəti il çiçəklənmə və məhsuldarlıqla bağlı problemlərə, o cümlədən çiçəklərin tökülməsinə səbəb ola bilər.

Ümumilikdə, yağıntıların artması meyvə, tərəvəz və üzüm bitkiləri ilə yanaşı, bütün kənd təsərrüfatı bitkilərinə təsir göstərə bilər. Lakin xüsusilə hazırkı dövrdə məhsulvermə mərhələsində olan bitkilər üçün bu təsirlər daha ciddi nəticələrə səbəb ola bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə