Məzuniyyət pulu necə hesablanır? - ARAŞDIRMA

Məzuniyyət pulu necə hesablanır? - ARAŞDIRMA

Məzuniyyət pulunun hesablanması qaydası ölkədən ölkəyə fərqlənsə də, əsas prinsip eynidir: işçinin məzuniyyət dövründə gəlir itkisinə məruz qalmaması üçün ona orta əməkhaqqına uyğun ödəniş edilir. Lakin bu orta əməkhaqqının necə hesablanması hər ölkənin əmək qanunvericiliyi ilə müəyyən olunur.

SİA mövzu ilə bağlı araşdırma edib.

Azərbaycanda məzuniyyət pulu necə hesablanır?

Azərbaycanda bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Hesablama qaydası:

1. Məzuniyyətə çıxmazdan əvvəlki son 12 təqvim ayı üzrə əməkhaqqı toplanır.
2. Alınan məbləğ 12-yə bölünür və orta aylıq əməkhaqqı müəyyən edilir.
3. Orta aylıq əməkhaqqı 30,4-ə bölünür və bir günlük məzuniyyət haqqı hesablanır.
4. Bir günlük məbləğ məzuniyyət günlərinin sayına vurulur.

Tutaq ki, son 12 ay üzrə orta aylıq əməkhaqqınız 1 200 manatdır. Məzuniyyətiniz 21 gündür.

Hesablama: 1 200 ÷ 30,4 = 39,47 manat

39,47 × 21 = 828,87 manat

Yəni təxminən 829 manat məzuniyyət pulu ödənilməlidir.

Vacib məqamlar

-İşçi 12 aydan az işləyibsə, hesablamada faktiki işlədiyi tam aylar nəzərə alınır.
-Məzuniyyət haqqı işçiyə ən geci məzuniyyət başlamazdan 3 gün əvvəl ödənilməlidir.
-Əgər hesablanmış məzuniyyət haqqı işçinin son əməkhaqqından aşağı çıxarsa, müəyyən hallarda məbləğ son əməkhaqqı səviyyəsinə çatdırılır.

Dünyada necə hesablanır?

Məzuniyyət haqqının hesablanması ölkələr üzrə fərqlənir.

Almaniya: İşçi məzuniyyətdə olarkən adətən adi maaşını almağa davam edir.

Fransa: İki metod müqayisə olunur (orta əməkhaqqı və ya illik qazancın müəyyən faizi) və işçi üçün daha sərfəli olan tətbiq edilir.

Birləşmiş Krallıq: Son 52 həftənin orta qazancı əsas götürülür, xüsusilə dəyişkən əməkhaqqı alanlar üçün.

ABŞ: Federal qanun ödənişli məzuniyyəti məcburi etmir. Məzuniyyət şirkətin daxili siyasətindən asılıdır.

Türkiyə: Məzuniyyət müddətində işçi normal əməkhaqqısını alır və ödəniş məzuniyyət başlamazdan əvvəl verilir.

Əsas fərqlər

Azərbaycan – son 12 ayın orta əməkhaqqısı əsasında hesablanır.

Avropa ölkələrinin əksəriyyəti – işçi məzuniyyətdə olarkən faktiki maaşını və ya orta qazancını alır.

ABŞ – ödənişli məzuniyyət qanunla bütün işəgötürənlər üçün məcburi deyil. Bu, əsasən əmək müqaviləsi və ya şirkət siyasəti ilə müəyyən edilir.

Nəticə etibarilə, Azərbaycanın tətbiq etdiyi model beynəlxalq praktikada geniş yayılmış orta əməkhaqqı əsasında məzuniyyət haqqının hesablanması prinsipinə uyğundur. Fərq ondan ibarətdir ki, bəzi Avropa ölkələrində işçinin daha yüksək məbləğ almasını təmin edən əlavə mexanizmlər də mövcuddur.

Bəs niyə bəziləri “əlavə məzuniyyət pulu aldım” deyir?

Bunun bir neçə səbəbi var. Məzuniyyət pulu maaşdan ayrı tarixdə ödənildiyi üçün insanlar bunu əlavə ödəniş kimi qəbul edirlər.

Bəzi dövlət qurumlarında və ya özəl şirkətlərdə daxili qaydalara əsasən məzuniyyətə çıxan işçilərə birdəfəlik maddi yardım və ya əlavə müavinət verilir. Bu isə qanunla bütün işəgötürənlər üçün məcburi deyil.

Əgər işçinin əməkhaqqısı dəyişkəndirsə (mükafatlar, əlavələr və s.), orta əməkhaqqına görə hesablanan məzuniyyət pulu adi aylıq maaşdan bir qədər fərqli ola bilər.

Yəni qanunla nəzərdə tutulan məzuniyyət pulu “bonus” deyil, məzuniyyətdə olduğunuz günlər üçün ödənilən əməkhaqqıdır. Sadəcə, bu məbləğ məzuniyyət başlamazdan əvvəl hesablanıb ödənilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə