İsti hava insan orqanizminə əlavə yük yaratdığı üçün əmək məhsuldarlığına mənfi təsir göstərir. Yüksək temperatur zamanı bədən istiliyini tənzimləmək üçün daha çox enerji sərf edir, bu isə yorğunluğun daha tez yaranmasına səbəb olur. Nəticədə diqqət azalır, iş tempi zəifləyir və qərarvermə qabiliyyəti əvvəlki qədər effektiv olmur.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, xüsusilə açıq havada və ya yüksək temperaturun hökm sürdüyü qapalı məkanlarda çalışan insanlar daha çox risk altındadır:
“İstilik susuzlaşma ehtimalını artırır, bu da baş ağrısı, halsızlıq və konsentrasiyanın zəifləməsi ilə nəticələnə bilər. Belə şəraitdə həm fiziki, həm də zehni işlərin yerinə yetirilməsi çətinləşir.
Məhsuldarlığın qorunması üçün iş yerlərində kifayət qədər havalandırma və ya soyutma sistemlərinin olması, əməkdaşların müntəzəm fasilə verməsi, kifayət qədər su qəbul etməsi və mümkün olduqda ən isti saatlarda iş yükünün azaldılması mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm işçilərin sağlamlığını qoruyur, həm də işin səmərəliliyinin daha yüksək səviyyədə saxlanmasına kömək edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB